“Bizə qələbə çox lazımdır”
06.04.2010 - 15:23
“Bizə qələbə çox lazımdır”
“Hesabat turundakı məğlubiyyəti unudub, “Olimpik-Şüvəlan”la keçiriləcək oyun haqda düşünürük. Bu ərəfədə komandamıza qələbə çox lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan”ın baş məşqçisi Almir Hurtiç deyib.

Unibank Premyer Liqasının XXVI turunda Zaqatalada “Simurq” klubuna uduzan (0:1) Salyan təmsilçisi həftəsonu “Olimpik-Şüvəlan”la görüşə Bakıdakı “Ədliyyə” stadionunda hazırlaşır. Hazırlıq prosesindən razı qalan Hurtiç yalnız qələbə haqda fikirləşir: “Düşünürəm ki, komanda bunu anlayır və növbəti oyunda 3 xalı əldə etmək üçün səylərini maksimum dərəcədə sərf edəcək. Ev sahibi olmağımız bizim üçün böyük üstünlükdür. Bundan lazımi səviyyədə yararlanmalıyıq”.

Qeyd edək ki, turnir cədvəlində 10-cu yerdə gedən “Muğan” Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə aparır.