Ramiz Məmmədov: Bizim komandada ona “dilsiz-ağızsız Revaz” deyirlər
06.04.2010 - 15:32
Ramiz Məmmədov: Bizim komandada ona “dilsiz-ağızsız Revaz” deyirlər
“AFFA-nın çıxardığı qərara hörmətlə yanaşırıq. Yəqin ki, gürcü legionerimiz Revaz Getsadzenin cəzalandırılması lazım imiş”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında “Qəbələ”nin gürcü legioneri Revaz Getsadze biri şərti olmaqla, 2 oyunluq cəzalandırılıb, klub isə 2000 manat məbləğində cərimələnib. Bununla bağlı Məmmədov bildirib ki, Getsadze ilə söhbət aparıb: “Hələ oyundan sonra onunla təkbətək görüşdüm, əsəbi şəkildə danışdım. Təvazökarlıqdan uzaq olmasın, mən adət-ənənələrimiz, milli-mənəvi məsələlərə xüsusi diqqət yetirən insanam. Bu səbəbdən onunla çox sərt danışdım. Revaza dedim ki, sən burada legionersən və öz oyunun, hərəkətinlə nümunə olmasın. Özü də təkcə bu ili yox, gələn mövsümü də fikirləşməlisən. Yəni, komandamızda qalmaq istəyirsənsə, qərib ölkədə hərəkətlərinə xüsusi diqqət yetirməlisən. Revaz and içib deyir ki, təhqir olunduğu üçün özünü saxlaya bilməyib”.

Baş məşqçi Getsadze ilə bağlı maraqlı fikir söyləyib: “Bilirsiniz, komandamıza ona “dilsiz-ağızsız Revaz” deyirlər. Yəni, Getsadze çox təmkinlidir, çılğın deyil. Revaz da ilk olaraq onu söydükləri üçün emosiyalarını cilovlaya bilmədiyini deyir. Getsadzenin sözlərinə görə, onların bayramında, yəni Pasxa günü problem yaratmaq istəməzdi”.

Məmmədov futbolçu ilə bir daha görüşməyin vacibliyini qeyd edir: “İlk söhbətimiz cəmi 5-6 dəqiqəlik olmuşdu. Oyun yenicə bitmiş, “Neftçi” üzərində qələbəni bayram edirdik. Görüşdən sonra futbolçularımızı qısa müddətə istirahətə buraxdıq və hazırlığa başlayandan sonra Revazın məsələsinə baxmağımız nəzərdə tutulub. Onunla bu gün məşqdə görüşəcəyəm. Məsələni texniki heyətlə birgə müzakirə edib, qərar qəbul edəcəyik. Əgər Getsadze səhv hərəkət edibsə, bunu səmimi olaraq etiraf etməlidir”.

Qeyd edək ki, Revaz ötən yay “Qəbələ”yə “Olimpik-Şüvəlan”dan keçib.