“Sual verirəm mətbuat işçilərinə, “siz nə edirsiniz?” - MÜSAHİBƏ
06.04.2010 - 18:11
“Sual verirəm mətbuat işçilərinə, “siz nə edirsiniz?” - MÜSAHİBƏ
Unibank Kommersiya Bankının İdarə Heyətinin sədri Faiq Hüseynovun apasport.az saytına müsahibəsi

- Futbol və digər idman növləri ilə bağlı nə kimi yeni layihələrinizin var?
- Artıq bilirsiniz ki, bu gündən etibarən yeni layihəyə start veririk. Belə demək mümkündürsə, yeni fond yaratmışıq. Bu gündən etibarən Unibank Premyer Liqasında vurulacaq hər bir qol 100 manat dəyərində qiymətləndiriləcək və həmin pullar fonda toplanacaq. Həmin vəsaitlər Bakı kəndlərindəki uşaq evlərindən birinə köçürüləcək. Dolayısı yolla deyək ki, hər bir futbolçu qol vuraraq, həm klubuna və özünə xeyir verəcək, həm də bizim bu layihəmizdə iştirak edərək, xeyirxah iş görmüş olacaq.

- Bu layihəni gələcək mövsümə də şamil etmək olarmı?
- Bu texniki detallardır. Bunun üzərində çalışırıq. Elə olmalıdır ki, o pulu uşaq evinə verəndə, gözə görüləsi məbləğ olsun. Həmin məbləğ mətbuat nümayəndələrinin iştirakı ilə birgə uşaq evinə təqdim olunacaq.

- Artıq bir neçə müddətdir Peşəkar Futbol Liqası ilə əməkdaşlıq edirsiniz. Maraqlıdır, bu əməkdaşlıq Unibank Kommersiya bankı olaraq sizə nə qazandırıb?
- Unibank Kommersiya bankı bu layihəyə qol çəkəndə öz marketinq məqsədlərimizi nəzərə almışıq. Biz bu işə ürəklə, vətəni sevgisi ilə yanaşırıq. Əgər bu işə can yandırmasaydıq, vəsaiti PFL-ə köçürüb bununla da işimizi bitmiş hesab edərdik. Ancaq bunu etmədik. Müxtəlif layihələr həyata keçiririk. Misal üçün, bir neçə jurnalisti Türkiyəyə göndərmişik, bilbordlarda futbolçuları xalqımıza tanıtdırırıq, bundan əlavə 2010-cu ilin təqvimini tərtib etmişik. Bu layihələri həyata keçirərək, həm də futbolun təbliği ilə məşğul oluruq. İmkanımız daxilində irili-xırdalı layihələr həyata keçiririk. Demək istəyirəm ki, könlümüz, istəyimiz olub ki, bu işə qol çəkmişik. Ona görə də bu dəstəyi ürəklə edirik. O vəsaitləri başqa reklam alətlərindən istifadə edib xərcləməyin çoxlu yolları var idi. Unibank Kommersiya Bankının İdarə Heyətinin sədri kimi, Peşəkar Futbol Liqası ilə əməkdaşlıqdan çox məmnunam. Bu işdə bizə dəstək olan Kütləvi İnformasiya Vasitələrinə minnətdarlığımı bildirirəm. Üzümü media nümayəndələrinə tutub deyirəm ki, xahiş edirəm bu layihəyə maneçilik yaratmasınlar. Con Kennedi vaxtilə deyib ki “ölkədən soruşma, sənin üçün nə etdiyini. Sən özündən soruş ki, ölkə üçün nə etmisən?” Bizim bankımız ölkə idmanı, futbolu üçün bunu edib. Mənim əlimdən bu gəlir, bunu edirəm. Sual verirəm mətbuat işçilərinə, “siz nə edirsiniz? Demirəm heç nə etmirlər, sadəcə soruşuram “nə edirsiniz”? Hərəmiz yorğanı bir tərəfə çəksək, bu kimə hörmət qazandıracaq? Məncə, heç kimə. Əgər bizim PFL-lə bağlı layihəmizə dəstək vermirlərsə, heç olmasa maneçilik etməsinlər.

- Başqa hansı idman növlərinə dəstəyiniz olur?
- Reklam verən bir şirkət kimi müxtəlif birinciliklərdə, çempionatlarda sponsor dəstəyi veririk, bir neçə başqa assosiasiyalarla çalışırıq. Hələ ki PFL-lə, futbolla bağlı başqa layihəmiz yoxdur. Demirəm olmayacaq, ancaq mütləq olacağını da demirəm.

- PFL, Unibank və Kütləvi İnformasiya Vasitələri arasında Premyer Liqanın “Unibank Premyer Liqası” adlanması ilə bağlı anlaşılmazlıq yaranmışdı...
- Konkret onu deyim ki, Premyer Liqanın əvvəlində Unibank Premyer Liqası yazılıb-yazılmaması alver obyekti deyil. Necə ki hamının adı familiyası var, bu da onun kimi bir şeydir. Mən Unibank Premyer Liqasının yazılmasına görə heç bir media şirkətinə vəsait ödəməmişəm. Yazan yazır, yazmayan yazmasın. Hər kəs özü bilər. Mənim üçün yazılıb-yazılmaması peşəkarlığın göstəricisidir. PFL-in, Ramin müəllimin kifayət qədər hüququ, aləti var ki, yazmayan KİV-dən Unibankın yazılmasını tələb etsin. Məsələ bundadır ki, biz bunu PFL-dən tələb etmirik. Ona görə də, PFL onlardan tələb etmir.

- Unibankın adının hallanmamağı sizin mövqeyinizdən geri çəkilməyinizə səbəb ola bilərmi?
- Xeyr. Birgə əməkdaşlıq edirik və nəticələrdən məmnunam. Vətəni sevən, idmana dəstək verən müəssisə, öz kommersiya maraqları güdən şirkət kimi mən bu işdən, layihədən məmnunam. Əgər dəstək verirsənsə, elə bil ki, bu layihəyə sən də öz töhfəni verirsən. Qeyd etdiyim kimi, bu layihə bizim daxilimizdən, könlümüzdən gəlir. Bir daha mətbuat işçilərinə səslənirəm, əgər kömək etmirsənsə, mane olma. Biz bu layihəyə başlayanda mətbuatda Unibankın yazılıb-yazılmaması məsələsi qabarıq şəkildə şişirdilirdi. Axırda yazdılar ki, “Unibankla PFL arasında alver oldu” bax, burda korladılar.

- Etiraf edək ki, məsələnin bu həddə çatmasında Unibankın da səhvi oldu. Hansı ki, Türkiyəyə aparılan heyət birmənalı qarşılanmamışdı...
- Biz o layihəni həyata keçirəndə hər şeyi nəzərə aldıq. Bu səviyyə göstəricisi idi. Azərbaycanda 100-dək KİV var. Əgər mən onların hamısını aparsam, gərək çarter reysi təşkil edəm. Birincisi, mən turistlik agentlik deyiləm, ikinci olmazdı ki, bir qədər səbirli olsunlar. Bu dəfə bunlar getdi, sabah başqa layihə olacaq siz dəvət olunacaqsınız. Yəni, biz bunu düşünürük. Burda bizi ayrı-seçkilikdə ittiham edib, qalmaqal salmağın mənası yoxdur. Şəxsən mən bütün bu söz-söhbətə görə çox təəssüfləndim. Mən bunu futbol üçün etmişəm. Öz şəxsi məqsədinizi güdməyin. Onlar öz şəxsi maraqlarını bu cür xırda layihə ilə tərəziyə qoymasınlar. Bu düzgün deyil.

- Gələcəkdə hər hansı bir kluba sponsorluq etmək kimi bir planınız, layihəniz varmı?
- Bu günə kimi elə bir fikir olmayıb. Yəqin ki, bizim futbol sahəsindəki fəaliyyətimiz bu layihədən ibarət olacaq.