“Bavariya”nın sabiq çalışdırıcısı Azərbaycan yığmasına baş məşqçi gətirilir
09.04.2010 - 15:04
“Bavariya”nın sabiq çalışdırıcısı Azərbaycan yığmasına baş məşqçi gətirilir
Qadınlardan ibarət Azərbaycan yığmasını almaniyalı Sissi Rayt çalışdıra bilər. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis milli komandamızın baş məşqçisi vəzifəsinə potensial namizəddir.

Artıq danışıqlara başlayan assosiasiya rəhbərliyi Raytı Bakıya dəvət edib. Mütəxəssis ölkəmizdə qadın futbolunun mövcud vəziyyəti ilə tanış olmaq üçün aprelin 10-dan 13-dək ölkəmizdə olacaq və yalnız bundan sonra danışıqların növbəti mərhələsinə qədəm qoyulacaq.

1960-cı il iyunun 11-də anadan olan Sissi Rayt 1975-1984-cü illərdə “Bavariya”, növbəti iki ili “FSV Frankfurt–Mayn” klublarında çıxış edib. Müəyyən fasilədən sonra futbola qayıdan Rayt 1991-1995-ci illərdə “FFC Frankfurt–Mayn”, 1997-2004-ci illərdə yenidən “Bavariya”da oynayıb. Almaniya millisinin heyətinə ilk dəfə 1982-ci ildə dəvət olunan xanım bu komandada 58 oyunda 4 qol vurub. 1989 və 1991-ci illərdə Avropa çempionu adını qazanıb. Yığmamızın baş məşqçi postuna namizəd müxtəlif klublarda 4 dəfə Almaniya çempionu və 6 dəfə Almaniya kubokunun qalibi olub.

Futbolçu karyerasını bitirdikdən sonra UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını alan Rayt 2004-cü ildən 2008-ci ilədək “Bavariya”nın (Münxen) qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən mütəxəssis ötən ilin oktyabrına qədər kişilərdən ibarət “TSV Exinq” klubunda məşqçi kimi çalışıb.

Qeyd edək ki, hazırda baş məşqçisiz olan yığmamızda bu vəzifəni Şamil Heydərov icra edir. Komandanın sonuncu baş məşqçisi də onun özü olub.