Gənclərin dueli
09.04.2010 - 15:45
Gənclərin dueli
Unibank Premyer Liqasının XXVII turu ən gənc baş məşqçiləri qarşı-qarşıya gətirəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Neftçi”nin çalışdırıcıları Qurban Qurbanovla Arif Əsədov cari mövsümdə ən gənc yerli baş məşqçilərdir.

XXVII turda Ağdamda qonaq olacaq 40 yaşlı Əsədov həmkarından 2 yaş böyükdür. Sabah karyeralarında ilk dəfə baş məşqçi qismində görüşəcək veteran futbolçuların bir-biri ilə bağlılığı var. Əvvəla, onların hər ikisi uzun illər bir yerdə oynayıb. Bu, elə “Neftçi” ilə yanaşı, milli komandamızda olub. Əsədovla Qurbanov kapitanı olduqları “Neftçi” ilə çempionu olub, ölkə kubokunu qazanıblar. Onlar tez-tez rəqib də olub. Özü də Əsədovun müdafiəçi, Qurbanovun isə hücumçu olduğunu nəzərə alsaq, meydanda tez-tez görüşüblər.

Əsədovla Qurbanov futbolçu karyeralarının Rusiya dönəmi ilə də bağlıdırlar. Düzdür, onlar bir komandada oynamasalar da, hər halda, qonşu ölkədə legioner həyatı yaşayıblar. Əsədov “Spartak” (Vladiqafqaz) və “Tümen”də Rusiya Premyer Liqasında, “Anji”də birinci liqada oynayıb. Qurbanov isə “Fakel”in heyətində həm Premyer Liqa, həm də birinci divizionda çıxış edib. Onun “Dinamo” (Stavropol), “Baltika” və “Volqar-Qazprom”da çıxışı aşağı liqada olub.

Gənc baş məşqçilər hazırda rəqib olduqları komandalarda da oynamağa imkan tapıb. Ağdam klubu “Qarabağ-Azərsun” adlanan dövrdə onun şərəfini oynayan Əsədov hətta kapitan sarğısını da daşıyıb. Onun məşqçilik fəaliyyəti də ağdamlılarla başlayıb. Belə ki, Əsədov 2002-ci futbolçu karyerasını bitirdikdən sonra “Qarabağ-Azərsun”da qalaraq, baş məşqçi Şahin Diniyevin köməkçisi oldu. Qurbanov isə yaşıl meydanda çıxışını başa vurduqdan bir il sonra – 2006-da “Neftçi”yə baş məşqçi təyin olunub.

Yəni göründüyü kimi, o da həmkarı kimi məşqçiliyə hazırkı rəqibində başlayıb. Qurbanov “Neftçi”nin çalışdırıcı kimi milli çempionatımızın gümüş, Əsədov isə Ağdam təmsilçisinin məşqçi kimi bürünc medalını qazanıb.

Qeyd edək ki, Əsədovun “Neftçi”nin baş məşqçi postunda əvəzlədiyi Vaqif Sadıqovun debütü məhz Ağdamda olub və “Qarabağ”a 0:1 hesablı məğlubiyyətlə nəticələnib.