“Qəbələdə xal itirsək belə, çempion son turda məlum olacaq”
09.04.2010 - 18:27
“Qəbələdə xal itirsək belə, çempion son turda məlum olacaq”
“Qəbələ” son turlarda qazandığı xallarla avrokuboklara vəsiqə qazanmaq şansını artırıb. Şübhəsiz, bu da rəqib üçün əlavə stimuldur. Artıq hər oyuna qələbə qazanmaq üçün çıxır. Evdə keçirəcəkləri görüşdə bunu davam etdirməyə çalışacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Samir Abasov deyib.

Komandasının son 2 oyunda 4 xal itirməsinə münasibət bildirən təcrübəli futbolçu “Qəbələ”nin çıxışını dərindən təhlil etdiklərini bildirib: “Artıq Qəbələdəyik və ilk məşqimizi keçmişik. Düzdür, yol bizi bir qədər yordu, ancaq bu çətinliklərə öyrəşmişik. “Qəbələ”nin sonuncu “Neftçi” ilə oyununu baxıb təhlil etmişik. Bu gün axşam bir daha komanda ilə birgə yığışıb təhlil aparacağıq. Baş məşqçimiz rəqibin zəif və güclü tərəflərini izah edəcək. Düşünürəm, oyun bizim üçün heç də asan keçməyəcək”.

32 yaşlı müdafiəçi ilk “altılıq”dakı qarşılaşmaların çətin keçdiyini və çempionun son turda məlum olacağını güman edir: “Qəbələdə xal itirsək belə, düşünmürəm ki, bu çempionluğa gedən yolda bizə problem yaratsın. Çünki “altılıq” elədir ki, hamı bir-biri ilə oynayır. Məncə, hansı komandanın çempion olacağı son turda məlum olacaq. Biz də komanda olaraq, hər bir matça ciddi yanaşırıq. Minimum xal itkisi ilə yola davam etmək istəyirik. Artıq iki turdur meydanı heç-heçə ilə tərk edirik. Düşünürəm ki, bu qədər xal itkisi yetər. Sabahkı qarşılaşmada mütləq qələbə qazanmalıyıq”.