“Azərbaycan vətəndaşlığını məmnuniyyətlə qəbul edərəm”
10.04.2010 - 09:47
“Azərbaycan vətəndaşlığını məmnuniyyətlə qəbul edərəm”
Bakının “İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun Lent.az-a müsahibəsi

- 26 turdan sonra “İnter” klubu Unibank Premyer Liqasında liderdir. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
- Bu gün çempionatın lideriyiksə, optimizm üçün əsas var.

- Lakin komandanız “ilk 6-lıq”da keçirdiyi 4 qarşılaşmanın 3-ünü heç-heçə ilə başa vurub...
- Nə demək olar? Bu idmandır da... Hər dəfə yüksək səviyyədə çıxış edə bilməzsən. Oyunun alınmadığı, həlledici oyunçuların arzulanan formada olmadığı anlar da baş verir. Prinsipcə, xallar itirsək də, uduzmamışıq. Səfərdə “Qarabağ”la, öz meydançamızda isə “Neftçi” və “Bakı” ilə heç-heçə edib, “Xəzər-Lənkəran”ı yenmişik. Nəticələrdən 100 faiz razı olmasam da, qismən razıyam.

- Bəzi oyunlardan sonra klubunuzun baş məşqçisi Kaxaber Sxadadze hakimlikdən şikayətlənib. Bu narazılıqları bölüşürsünüz?
- Əlbəttə. Elə anlar olur ki, tamaşaçılar, məşqçilər və biz, klub funksionerləri hakimlikdən narazı qalırıq. Nəzərə almaq lazımdır ki, hakimlər üçün penalti, “ofsayd” və digər həlledici epizodlarda qərar vermək ani bir işdir. Onları yaxşı başa düşürəm. Mənim üçün ən əsası hakim səhvləri deyil, qərəzli hakimliyin, oyunun taleyini həll etmək üçün tapşırığın olmamasıdır. Şəxsi fikrim belədir ki, hakimlər meydançada ən əsas ifaçılar deyillər. Oynayan futbolçulardır, hakimlər briqadası diqqəti cəlb etməməlidir. Çünki onlar matçın qarışıq effektidirlər. Ona görə də elə mütəxəssis deyiləm ki, penaltinin olub-olmadığını iddia edim. Məncə, “Neftçi” ilə oyunumuzda qapımıza penalti yox idi. Lakin hakim belə idarə edirsə və vicdanı təmizdirsə, demək, görünür, elə də olmalı idi. “Neftçi” ilə son 4 oyunumuzda biz 6 qol vurmuşuq, onlar isə qapımızdan 2 qol keçiriblər. Hər 2 qolu penalti zərbəsi ilə vurublar. Bu tendensiyanı başa düşə bilmirəm.

- Hakimliyin qərəzli olmamasının vacibliyini bildirdiniz. Necə hesab edirsiniz: Azərbaycan futbolunda qərəzli hakimlik var? Hakimlər meydançada diqqəti cəlb edirlərmi?
- Qərəzli hakimliyin olub-olmadığı haqda qəti fikir bildirmək çox çətindir. Fikrimcə, bəzi anlarda simpatiya var. Amma Azərbaycanda hakimliyin səviyyəsi artır. Əlbəttə, istisnalar da var. Çox ümid edirəm ki, qərəzli hakimlik yoxdur.

- “İnter”in çempionluq şanslarının qarşısını almaq üçün hər hansı məqsədli kampaniyanın aparıldığını düşünmürsünüz?
- Bu suala belə cavab verərdim: Nə mən, nə də komandamız heç kimdən və heç nədən qorxmuruq. “İnter” öz oyununu nümayiş etdirsə, heç kim bizə mane ola bilməz. Elə rəhbərlik, elə komandayıq ki, heç nədən çəkinmirik. Ona görə də bizimlə oynayanlar bilsinlər ki, “İnter” bu çempionatda faktordur və komandamızı asanlıqla saxlaya bilməzlər.

- Stadionunuzda aparılan inşaat işləri plan üzrə davam edir?
- Bəli.

- Amma baş sponsorunuz - Azərbaycan Beynəlxalq Bankının maliyyə problemləri ilə üzləşdiyi haqda söz-söhbətlər dolaşır...
- Bunlar şayiədən başqa bir şey deyil. Kişi kimi deyə bilərəm ki, bu bank həm komandanın maliyyələşdirilməsi, həm də tikinti işlərində bizə çox böyük kömək edir. Tikinti əsaslı xərclər hesabına gedir. Bu xərclər çoxdan nəzərdə tutulub. Baş investorun bu xərcləri çəkməmək hüququ yoxdur. Artıq çoxdandır ki, bina inşa olunub, şüşələnmə işləri gedir. Hazırda yan binaları əlaqələndirəcək qalereya salınır. Baş investor və “İnter” klubunun özü hazırda tikinti və ödəniş templərini normal davam etdirir.

- Futbolçuların əmək haqları da vaxtında ödənilir?
- Bu günlərdə futbolçularımız əmək haqlarını və Unibank Premyer Liqasının II dövrəsində yaxşı çıxışları ilə əlaqədar mükafatlarını aldılar. Bizdə hər oyuna və hər nəticəyə görə yox, hər bir dövrənin yekununa əsasən mükafat ödənilir. Növbəti belə mükafat komandaya Unibank Premyer Liqasında final mərhələsi başa çatdıqdan sonra paylanacaq. Əlbəttə, bizdə elə də nəhəng mükafat yoxdur. Amma hər halda klubumuz futbolçulara bu yolla təşəkkür edə bilir.

- Yəni hər oyuna görə xüsusi mükafat qoyulmur?
- Xeyr. Mövsüm öncəsi klubumuzun direktorlar şurasının və baş sponsorunun qəbul etdiyi qərara əsasən, mükafatlar yalnız hər dövrənin sonunda ödəniləcək.

- Mükafatları icarəyə götürdüyünüz “Şəfa” stadionunun gəlirləri, yoxsa sponsor hesabına ödəyirsiniz?
- Əlbəttə, sponsor hesabına. “Şəfa” stadionu tam təsərrüfat hesablıdır. Sadəcə, arenanın gəlirləri yalnız özünə aid xərclərə sərf olunur.

- AFFA tərəfindən stadionunuza qarşı hər hansı iddia yoxdur?
- Xeyr. AFFA ilə bağladığımız icarə müqaviləsinin başa çatmasına hələ 12 il qalır. Federasiya rəhbərliyi ilə söhbətim olub. Prinsipcə, onlar “Şəfa” stadionundakı işimizdən razıdırlar. Rekonstruksiya, yenilənmə, modernləşdirmə, əsaslı yenidənqurma işlərimiz xoşlarına gəlib. Qalan müddətdə AFFA-nın “İnter”lə icarə müqaviləsini dayandırmasına heç bir əsas ola bilməz. Düzdür, müqaviləni federasiyanın keçmiş rəhbərliyinin vaxtında bağlamışıq. Amma nə olsun? “İnter” klubu Məmməd və ya Orxanla yox, hüquqi şəxslə - AFFA ilə müqavilə imzalayıb. Sabah biz də gedə bilərik. Bu halda “İnter”in bizdən sonrakı rəhbərliyi müqavilə öhdəliklərini yerinə yetirməli olacaq.

- Valentin Xodukin baş məşqçi vəzifəsindən istefa verdikdən sonra sanki kölgəyə çəkilib...
- Xeyr, elə deyil. O, müxtəlif futbol layihələri üzrə məsləhətçidir. Bu layihələr əsasən, uşaq-gənclər futbol məktəbinə aiddir. Onun cari mövsümün startı öncəsi vəzifəsi uşaq futbolçularımız üçün yeni təhsil metodu tətbiq etmək və istifadəyə verməkdən ibarət idi. Açığı, Xodukin öz yerində yaxşı dayanıb. O, praktiki olaraq, böyük iş görüb. Məncə, işinin nəticələri hələ özünü büruzə verəcək.

- İqor Ponomaryov və Qyoko Hacıyevski müvafiq olaraq, “Xəzər-Lənkəran” və “Bakı” komandalarının baş məşqçisi postundan istefa verdikdən sonra bu klublarda inzibati vəzifə tutdular. Lakin fəaliyyətləri uzun sürmədi. Eyni aqibət Valentin Xodukini də gözləmir?
- Valentin Mixayloviç kifayət qədər təcrübəli mütəxəssisdir. Həm baş məşqçi, həm də metodist kimi onun çox yaxşı keyfiyyətləri var. Öz öhdəliklərini nə dərəcədə vicdanla və layiqincə yerinə yetirəcəyini bilmək üçün işinin başa çatmasınadək gözləmək niyyətindəyəm. Əlbəttə, işi bizi qane etməsə və keyfiyyətcə pis olsa, onunla vidalaşacağıq. Burada heç bir sentimentalizm olmayacaq. Amma inanın, o, öz öhdəliklərini çox vicdanla və yaxşı yerinə yetirir. Ona görə də Xodukini istefaya göndərmək üçün əsasım yoxdur.

- Valentin Xodukinin əsas komanda ilə hər hansı əlaqəsi var?
- Onun əsas komandada nə işi ola bilər? Valentin Mixayloviçin əsas komanda ilə birbaşa heç bir işi yoxdur. Onun əhatə dairəsində 8 – 17 yaşlı futbolçulardır. Xodukin əvəzedici heyətdə oynamaq iqtidarında olan hansısa futbolçunu təklif edə, təklifi reallaşsa, həmin futbolçu özünü göstərərək, əsas komandaya qəbul edilə bilər. Amma onun əsas komandanın işinə qarışmağa ixtiyarı yoxdur. Mən bunu Xodukinə açıq-aydın demişəm. Özü də kifayət qədər ağıllı və təcrübəli insandır. Belə addım atmaz. O cümlədən, baş məşqçimiz Kaxaber Tsxadadze də buna imkan verməz.

- “İnter” klubunu xeyli legioner futbolçu oynatmaqda ittiham edirlər...
- Hansı klubumuzda çoxsaylı legioner yoxdur? “Xəzər-Lənkəran”, “Bakı”, “Neftçi”yə baxın. Azərbaycan futbolunun hazırkı reallığı belədir. Növbəti mövsümdən tədricən legionerlərə tətbiq ediləcək limit hər şeyi öz yerinə qoyacaq. Digər tərəfdən, gəlin, legionerlərə layiqli qiymət verək. Bombardirlər siyahısında ilk yerlərin sahiblərinə baxın, onların hamısı əcnəbi futbolçulardır. Ona görə də indiki mərhələdə legionerlərin cəlb olunmasını yaxşı hal hesab edirəm. Növbəti mövsümlərdə Azərbaycan futbolu, o cümlədən “İnter” klubu tədricən hər şeyi FİFA tələblərinə, daha dəqiqi, 6+5 limitinə uyğunlaşdıracaq. Legionerlər Azərbaycan futbolunun səviyyəsini qaldırmalıdırlar. Get-gedə hər şey öz yerini tutacaq. Biz də bu işi uğurla həyata keçirəcəyik. Bir də ki, bağışlayın məni, özüm də legionerəm. Artıq 4 ildir ki, burada olsam da, əcnəbi sayılıram (gülür).

- Sizə Azərbaycan vətəndaşlığı təklif olunmayıb?
- Mən bütün dünyanın vətəndaşıyam. Vətənim Bolqarıstan Avropa İttifaqının üzvü olduğundan, ittifaqa daxil olan ölkələrdə yaşamaq və işləmək baxımından problemimiz yoxdur. Kimsə mənə Azərbaycan vətəndaşlığı təklif etsə, məmnuniyyətlə qəbul edərəm. 4 ildir ki, buradayam və özümü əla hiss edirəm.

- Bakıda ailənizlə birgə qalırsınız?
- Həyat yoldaşım mənimlə birgə yaşayır. Övladlarıma gəldikdə, böyük oğlumun 24, kiçiyinin isə 21 yaşı var. Çətin ki, onlar burada bizimlə birgə qalsınlar.

- Övladlarınız hansı işlə məşğuldurlar?
- Böyük oğlum ticarət gəmisinin 3-cü dərəcəli kapitanıdır. Kiçik oğlum isə tələbədir. Sofiya şəhərindəki Ümumdünya və Milli Sahibkarlıq Universitetində təhsil alır. Yeri gəlmişkən, həmin universitetin fəxri professoru Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevdir. Həm də həmin universitet Bakı bulvarında yerləşir. Sofiyada belə bir bulvar da var. Vətəniniz Bolqarıstanda bax, belə məşhurdur.