FİFA DÇ-2010-a bilet sata bilmir
10.04.2010 - 11:59
FİFA DÇ-2010-a bilet sata bilmir
Bu ilin yayında Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək DÇ-2010-a bilet satışında problem yaranıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu FİFA məsul turnirə iki aydan az qaldığı bir vaxtda 500 min biletin hələ də satılmadığını rəsmən açıqlayıb.

Xüsusilə Avropada biletlərə tələbat gözlənildiyindən aşağı olub. Bundan əlavə, satışın təşkilatçıları elə CAR-da yaşayan potensial alıcıların əhəmiyyətli hissəsinin kasıbların olduğunu nəzərə almayıb. FİFA-nın baş katib Jerom Valke yoxsulların biletləri internet vasitəsilə almaq imkanına malik olmadıqlarını bildirib: “Səhvimizi düzəltməyə hələ vaxtımız var. Çox istərdim ki, yayda bütün dünya CAR-da dolu stadionlar görsün”.

Artıq satılan 2,2 milyon biletlərdən demək olar 1 milyonu Cənubi Afrika bazarında reallaşıb. İkinci yeri gözlənilmədən ABŞ tutub. Amerikalı azarkeşlər demək olar 150 min bilet alıb. Avropada satışda liderlik isə Böyük Britaniyaya məxsusdur. Avropada tələbatın səviyyəsinə görə 1-ci yerdə olan Britaniyada 68 minə yaxın bilet satılıb. Almaniyada isə bu göstərici cəmi 32 mindir.