Təyyarə qəzası yığma komandamızın oyununu təxirə saldı - YENİLƏNİB
10.04.2010 - 16:43
Təyyarə qəzası yığma komandamızın oyununu təxirə saldı - YENİLƏNİB
Azərbaycan yığmasının Varşavada Polşa ilə yoldaşlıq görüşləri təxirə salınıb. Apasport.az saytının məlumatına görə, dövlət başçısı Lex Kaçinskinin bu gün təyyarə qəzası nəticəsində dünyasını dəyişməsi milli komandamızın Polşaya səfərini baş tutmayacağını gündəmə gətirmişdi.

Bir müddət əvvəl Polşa Futbol Federasiyası 17 yaşlılardan ibarət yığmalar arasında iki oyun keçirmək üçün komandamızı Varşavaya dəvət etmişdi. Ancaq Kaçinski və xanımı daxil olmaqla, 87 nəfərin yer aldığı təyyarənin Rusiyada qəzaya uğraması qarşılaşmanın təxirə salınmasına səbəb olub. Bununla əlaqədar Polşada matəm elan olunacaq və çox güman ki, bu oyunlar başqa vaxt keçiriləcək.

Gələn həftənin əvvəlində səfərə çıxmalı olan yığmamız polşalı həmyaşıdları ilə yoldaşlıq görüşlərini aprelin 13-də və 15-də keçirməli idi.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə məsələ ilə bağlı apasport.az saytına bildirib ki, oyunların baş tutub-tutmayacağı hələlik bilinmir: “Görüşlərin baş tutub tutmayacağı barədə Polşa Futbol Federasiyasından bizə hər hansı məlumat verilməyib”.

Az öncə isə bu oyunların baş tutmayacağı dəqiqləşib. Nərimanoğlunun sözlərinə görə, yoldaşlıq görüşləri təxirə salınıb. Milli komandamız isə aprelin 16-dək Almaniyada toplanışını davam etdirəcək.