Vəli Qasımov: Azərbaycanda yaxşı hücumçu yoxdur
10.04.2010 - 13:32
Vəli Qasımov: Azərbaycanda yaxşı hücumçu yoxdur
“Mən AFFA-da seleksiyaçı məşqçi çalışıram. İşim aşağı yaş qruplarından ibarət komandalarla olsa da, Premyer Liqanın oyunlarını izləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Vəli Qasımov deyib.

Qasımov Azərbaycanın ən yaxşı legionerlərindən biri olub. Əvvəlcə Rusiya çempionatında çıxışı ilə tanınıb. Ardından "Betis"in heyətində İspaniya çempionatının bürünc medallarını qazanıb.

42 yaşlı veteran hücumçu söhbət əsnasında Azərbaycanda bəyəndiyi futbolçuların adlarını da açıqlayıb: “Yerli futbolçulardan danışmaq istəyirəm. "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev həm klub, həm də yığma səviyyəsində yaxşı çıxış edir. "Qarabağ"dan Emin İmaməliyev, Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev, Elvin Məmmədovun oyunları məni qane edir. Amma onlar daha çox çalışmalıdırlar”.

Qasımov Azərbaycanda yaxşı hücumçu olmadığını qənaətindədir: “Azərbaycanda “təmiz” hücumçu yoxdur. Qolları adətən yarımmüdafiəçilər vurur. Vaqif Cavadov özünü göstərməyə başlamışdı. Lakin Avropada debüt etmək hələ ona qismət olmayıb”. O, vəziyyətdən çıxış yolunu da göstərib: “20, 22 yaşı olan futbolçuya yeni termin öyrətmək çətindir. Futbolçunu lap uşaq yaşlarından qol vurmağa alışdırmaq lazımdır. Uşaq komandalarında iş düzgün qurulmaldır”.

Qeyd edək ki, Vəli Qasımov müxtəlif klublarda keçirdiyi 366 oyunda 144 qol vurub.