Azərbaycanlı qapıçı Türkiyədə 3 qol buraxdı
12.04.2010 - 09:46
Azərbaycanlı qapıçı Türkiyədə 3 qol buraxdı
Azərbaycan futbolçularının çıxış etdiyi Türkiyə çempionatının birinci dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, XXX turda həm Anatoli Ponomaryov, həm də Vitali Kovalyov meydana çıxmaq şansı qazanıb.

“Orduspor”un start heyətində möhkəmlənən Anatoli artıq aşağı dəstəyə yuvarlanmağı rəsmiləşən “Kocaelispor”un qonağı olub. Yığmamızın sabiq hücumçusunun komandası ilk yarıda vurduğu 2 qolla səfər qələbəsi qazanıb – 2:0. Həmyerlimiz 55 dəqiqə meydanda olaraq Türkiyə mətbuatı tərəfindən iki ulduzla qiymətləndirilib.

Vitalinin çıxışı isə bərbad alınıb. “Kartalspor”un ehtiyat oyunçular skamyasının əbədi üzvünə çevrilən qapıçı digər autsayder “Hacettepe” ilə oyunu başıaşağı tərk edib. Əvəzlənmədən meydanda olan Kovalyov 3 qol buraxaraq, məğlubiyyətin səbəbkarlarından olub – 1:3. Həmkarlarımız onun işini bir ulduzla qiymətləndirib.

Qeyd edək ki, çempionatın bitməsinə 4 tur qalmış hesabında 39 xalı olan “Orduspor” 9-cu pillədə qərarlaşıb. Onlardan cəmi 1 xal geri qalan “Kartalspor” isə hələlik 11-ci yerdədir.