Mahir Şükürov 6 ballıq “zəlzələyə” düşdü
12.04.2010 - 10:49
Mahir Şükürov 6 ballıq “zəlzələyə” düşdü
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Rusiyada ən yüksək qiymətini alıb. Apasport.az saytının məlumatına görə, məşhur “Sport-Ekspress” qəzeti 28 yaşlı müdafiəçimizin Premyer Liqanın V turunda “Sibir”lə səfər oyununda (4:2) çıxışını 6 balla qiymətləndirib.

Bu, Mahirin debüt mövsümünü keçirdiyi Rusiya çempionatında aldığı ən yüksək qiymət olub. Həmyerlimiz bu göstəricidə yalnız həmin görüşdə dubl edən Sorayev və Qolendadan (hər ikisi 6,5 bal) geri qalıb. Komandasında 3-cü ən yüksək qiymət alan Şükürov etdiyi iki məhsuldar ötürmə ilə Qolendaya 14 dəqiqəyə dubl etməyə, nəticədə cari mövsümdə ikinci qələbəni qazanmağa imkan yaradıb.

Qeyd edək ki, Mahir II turda qırmızı alaraq cəzalandıqdan sonra əsas heyətdə yerini itirmişdi. Qayıdışını uğurla qeyd edən futbolçumuz yeni baş məşqçisi Hacı Hacıyevin də ümidlərini doğrultdu. Məsələ ondadır ki, Hacıyev Şükürov milli komandamızda daha çox yarımmüdafiənin sağ cinahında oynadığını bilərək, “Sibir”lə görüşdə ona bu mövqedə yer vermişdi.

Hərçənd, futbolçu “Anji”də indiyə kimi sağ cinah müdafiəçisi kimi oynamış və son turda özünü yeni mövqedə göstərmişdi. “Anji”nin heyətində 3-cü oyununu keçirən Şükürov Nalçik “Spartak”ı ilə evdə (0:0) 5,5, qovulduğu “Amkar”la səfər görüşündə (0:1) 4 bal almışdı.