Vaqif Cavadov 2 gündən sonra Hollandiya çempionu ola bilər
12.04.2010 - 11:42
Vaqif Cavadov 2 gündən sonra Hollandiya çempionu ola bilər
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” klubu artıq bu həftə Hollandiya çempionu adını qazana bilər. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisinin tarixində ilk uğuru üçün növbəti turdakı hadisələrin uğurlu axarı lazımdır.

Çempionatın başa çatmasına 3 tur qalmış hesabında 80 xal olan “Tvente” ən yaxın izləyicisi “Ayaks”ı 4, PSV-ni 7 xal qabaqlayır. Sabah ötən ilki çempion “Alkmaar”ın qonağı olacaq Vaqifin komandası qələbə təqdirində, ən azı gümüş medalı təmin edəcək. Çünki bu qələbədən sonra enshedelilər PSV üçün əlçatmaz olacaq. Ertəsi – ayın 14-də “Villem”in qonağı olacaq “Ayaks”ın büdrəməsi isə çempionluq baxımından son 2 turu formallığa çevirəcək. Bu, 21 yaşlı hücumçunun karyerasında ilk çempionluq olacaq. İndiyədək belə uğur görməyən futbolçu ardıcıl ikinci mövsümü titulla bitirəcək. O, 2008/09 mövsümündə “Qarabağ”ın heyətində Azərbaycan kubokuna yiyələnmişdi.

Qeyd edək ki, Cavadov 3 aydır “Tvente”də olsa da, hələ də əsas komandada debüt etməyib.