“Bu, Azərbaycan futzalçısının “Qızıl buts”a layiq görüldüyü çempionat kimi yadda qalacaq”
12.04.2010 - 15:24
“Bu, Azərbaycan futzalçısının “Qızıl buts”a layiq görüldüyü çempionat kimi yadda qalacaq”
“Mənə verilən mükafat kollektiv əməyin nəticəsidir. Bu, tək mənim deyil, bütün komandanın uğurudur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan milli komandasının braziliyalı oyunçusu Nilson dos Santos deyib.

Futzal üzrə Avropa çempionatında vurduğu 5 qolla yığmamıza vacib qələbələr qazandıran milliləşən futzalçı UEFA tərəfindən “Qızıl buts” mükafatına layiq görülüb. Bununla bağlı bu gün AFFA-nın Futbol akademiyasında təşkil olunmuş tədbirdə assosiasiyanın baş katibi Elxan Məmmədov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov və Futzal Federasiyasının prezidenti Zaur Axundov iştirak ediblər.

Son qitə birinciliyinin bombardiri AFFA-nın rəsmi saytına açıqlamasında yığmamızın formasını geyməkdən qurur hissi keçirdiyini bildirib: “Azərbaycan millisində oynamaqdan şərəf duyuram. Karyeramda aldığım ən dəyərli mükafatlardan biridir. Doğrudur, Avropa çempionu olmasaq da, bu, Azərbaycan millisinin üzvünün “Qızıl buts”a layiq görüldüyü çempionat kimi yaddaşlarda qalacaq”.