İqor Ponomaryov Berti Foqtsa yol göstərdi
12.04.2010 - 17:18
İqor Ponomaryov Berti Foqtsa yol göstərdi
“Əlbəttə, oğlumun yenidən milli komandaya çağırılmasını yaxşı qəbul etdim. Bu gün aldığım xəbər mənim üçün sevindirici oldu. Anatolinin yığmanın sıralarına qayıtması yaxşı haldır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

50 yaşlı mütəxəssisin milli komandadakı xələfi Berti Foqts Anatoli Ponomaryovu bu ayın 19-dan 22-dək Bakıda rəhbərliyi altında keçirəcəyi seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edib. Ponomaryov cari mövsümdən Türkiyənin birinci liqasında “Orduspor” klubunda çıxış edən 28 yaşlı oğlunu yığmada oynamağa layiqli sayıq sayır: “Açığı bu, mənim üçün gözlənilən idi. Çünki oğlum hazırda Türkiyədə yaxşı oynayır, klubunda daim əsas heyətdə meydana çıxır. O, yığmaya qayıtmağı, orada özünü sübut etməyi çox istəyirdi. Mən buna imkan yaradanlara çox “sağ ol” deyirəm. İndi Anatolinin milli komandada möhkəmlənmək üçün əlinə yaxşı fürsət düşüb. İnanıram ki, bunun öhdəsindən layiqincə gələcək. Çünki oğlumun Azərbaycan yığmasında çıxışını davam etdirmək arzusu böyükdür”.

Futbolda yeganə olimpiya çempionumuz Foqtsa tövsiyəsini çatdırıb. Ponomaryov oğlunun mövqeyi ilə bağlı məsləhətini də verib: “Anatolinin hücumçu kimi oyunu daha yaxşı alınır. O, “Orduspor”da bu mövqedə çıxış edir. Fikrimcə, oğlumdan hücumçu kimi istifadə edilsə, daha yaxşı olar. Hər halda, yığmamızın məşqçilər korpusu bunu daha yaxşı müəyyənləşdir bilər, buna diqqət yetirərlər. Anatolinin Türkiyədə işləri yaxşı gedir. Arzu edirəm ki, belə də davam etsin. Onun “Orduspor”la müqaviləsi var, indi başqa kluba keçmək fikri yoxdur. Ümid edirəm ki, Anatoli yaxşı oyunu ilə bizləri daha da sevindirəcək”.

Qeyd edək ki, Anatoli 16 oyunda 1 qol vurduğu milli komandamıza il yarımdan sonra qayıdıb.