“Neftçi” yanğınsöndürən, “Bakılı” top daşıyan tapmır
13.04.2010 - 11:52
“Neftçi” yanğınsöndürən, “Bakılı” top daşıyan tapmır
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda ölkə çempionatının son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.

Unibank Premyer Liqasının XXVII turunun “Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” və “Xəzər-Lənkəran”la görüşdə eyni aqibəti yaşayan “Bakı” hərəyə 1000 manat cəzalanıb. Ümumilikdə, 5620 manatlıq cəza kəsən komitə əvəzedici komandaların birinciliyi və I divizionla bağlı da qərarlar qəbul edib.

Ən maraqlısı isə aşağı dəstənin iddialıları “Bakılı” ilə “Gəncə” arasındakı qarşılaşma ilə bağlı olub. Oyundan bir gün əvvəl matçın keçiriləcəyi futbol meydançası qonaq komandanın ixtiyarına verilmədiyi üçün “Bakılı” 300 manat cərimə olunub. Bundan başqa həmin oyun top verən uşaqlar və xərək daşıyanlarla təmin olunmadığı üçün meydan sahibi 100 manat cərimə ödəyəcək. Top daşıyan tapmayan “Bakılı”nın həmşəhərliləri - “Neftçi” İSM isə yenə yanğınsöndürmə maşını olmadığı üçün 100 manat xərcə düşüb.