Azərbaycan milli komandası UEFA və TFF-ni üz-üzə qoydu
14.04.2010 - 09:53
Azərbaycan milli komandası UEFA və TFF-ni üz-üzə qoydu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundundakı ilk oyununu bu gün keçirəcək. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Türkiyədə keçirilən seçmə mərhələyə meydan sahibləri ilə görüşlə başlayacaq.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da start fiti veriləcək matç isə indidən anlaşılmazlığa səbəb olub. Azərbaycan yığmasının oyunu UEFA və Türkiyə Futbol Federasiyasını (TFF) elə çaşdırıb ki, onlar da hamını çaş-baş salıblar. Söhbət oyunu idarə edəcək hakimlər briqadasından gedir.

Avropa futbol qurumu bu görüşü fransalı Antoni Qautiyerin idarə edəcəyini təxminən bir həftə əvvəl açıqlamışdı. Elə futbol qurumumuz AFFA da bu xəbəri yaymışdı. UEFA-nın rəsmi internet saytı elə indi də fit sahibinin fransalı olacağını yazır. Yarışa ev sahibliyi edən TFF isə tam başqa fikirdədir.

Belə ki, TFF-in rəsmi internet saytı Əskişəhər Atatürk stadionundakı matçı serbiyalı Vlado Qlodoyeviçin idarə edəcəyini iddia edir. Türkiyəlilərə inansaq, ona həmyerlisi Milan Miniç və yerli ədalət təmsilçiləri Erdinc Sezertamla Halis Özkahya yardım edəcək.

İki qurumun hakimliklə bağlı yaratdığı anlaşılmazlığı görən AFFA isə anonsu yazılan xəbərdə ədalət təmsilçiləri ilə bağlı məsələyə heç toxunmayıb da. Maraqlıdır, görəsən, yığmamıza görə kim çaşıb: TFF, yoxsa UEFA?