Vaqif Cavadovu “Tvente” klubuna tanıtdıran “igid”in növbəti “şücaəti”
14.04.2010 - 10:29
Vaqif Cavadovu “Tvente” klubuna tanıtdıran “igid”in növbəti “şücaəti”
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Tvente” klubu sona iki tur qalmış Hollandiya çempionluğunu təmin etmək şansını itirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi XXXII turun “Alkmaar”la səfər oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra qızıl medallara sahib olmaq üçün ən azı növbəti turu gözləməlidir.

Vaqifin həmişə olduğu kimi yenə meydana çıxmadığı matçın taleyini isə 21 yaşlı hücumçunun “Tvente”yə keçidində rolu olan şəxs həll edib. Söhbət meydan sahiblərinin müdafiəçisi Peter Visqerhofdan gedir. 31 yaşlı futbolçunun 8-ci dəqiqədəki avtoqolu enshedelilərə məğlubiyyət gətirib.

Bu həmin Visqerhofdur ki, o olmasaydı, Cavadov “Tvente”yə keçməyəcəkdi. Xatırladaq ki, hollandiyalılar Avropa Liqasının IV təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmalarda Vaqifi görərək bəyənmiş və qışda heyətinə qatmışdı. Avqustdakı həmin görüşlərin baş tutmasının səbəbkarı isə Visqerhof idi.

Çempionlar Liqasında mübarizə aparan “Tvente” üçüncü təsnifat mərhələsində “Sportinq”ə uduzaraq, daha zəif yarış sayılan Avropa Liqasına keçmişdi. Oradakı ilk rəqib isə məlum olduğu kimi, ağdamlılar idi. Lakin hollandiyalıların bir yarışdan digərinə keçidi dramatik alınmışdı.

Portuqaliyadakı səfər matçından qolsuz ayrılan “Tvente” öz meydanındakı qarşılaşmanın elə ikinci dəqiqəsində hesabı açsa da, qələbəni qoruya bilmədi. Oyunun 5-ci uzatma dəqiqəsində, yəni 95-ci dəqiqədə buraxılan qol “Tvente”ni “Qarabağ”ın qarşısına – Avropa Liqasına göndərdi. Elə həmin vaxt da “qəbirqazan” Visqerhof idi. Məhz onun avtoqolu 93 dəqiqə hesabda irəli olan enshedelilərin Çempionlar Liqası ilə vidalaşmasına və Vaqiflə tanış olmasına səbəb oldu. İndi isə Peter komandasına çempionluq yolunda zərbə vurdu.

Qeyd edək ki, hesabında 80 xal olan “Tvente” ən yaxın izləyicisi, bir oyun az keçirən “Ayaks”ı 4 xal qabaqlayır.