Avroliqanın oyunları təxirə düşə bilər
19.04.2010 - 13:21
Avroliqanın oyunları təxirə düşə bilər
UEFA Çempionlar Liqasının (ÇL) oyunları İslandiyadakı vulkan püskürməsi ilə bağlı təxirə salınmayacaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu vulkanla bağlı rəsmi saytında bəyanat verib.

Bildirilir ki, Avropanın kül dumanına bürünməsi ÇL-nin ilk yarımfinal oyunlarının təxirə salınması üçün kifayət qədər əsas deyil: “Bu görüşlər əvvəl nəzərdə tutulduğu tarixlərdə keçiriləcək. Yəni, “Bavariya” – “Lion” oyunu aprelin 20-də, “İnter” – “Barselona” görüşü 21-də baş tutacaq. Bundan bir gün sonra keçirilməli olan Avroliqanın ilk yarımfinal oyunları “Atletiko” – “Liverpul”, “Hamburq” – “Fulhem” görüşləri ilə bağlı isə yaxın günlərdə qərar veriləcək”.

Vulkan püskürməsindən sonra çoxsaylı hava reysləri təxirə salınıb. Bununla bağlı UEFA hər ehtimala qarşı ehtiyat hakimlər də müəyyənləşdirib. İlk görüşlərdə qonaq komandalar isə təyyarənin olmadığı görərək, başlarına çarə axtarır.

Belə ki, “Barselona” İtaliyaya avtobusla yollanıb. Öncə Fransanın Kann şəhərinə getməli olan Kataloniya təmsilçisi oradan Milana üz tutub və ümumilikdə 985 kilometr yol qət edib.