Ağasəlim Mircavadov: İndi lider olmaq vacib deyil...
19.04.2010 - 14:23
Ağasəlim Mircavadov: İndi lider olmaq vacib deyil...
“Vahid lider olmağımız əhval-ruhiyyəmizə xüsusi təsir etməyib. Özümüzü həmişəki kimi hiss edirik və növbəti oyunumuza ciddi hazırlaşırıq. İndi lider olmaq vacib deyil. Əsas məsələ sonda birinci olmaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının hesabat turunda “İnter”in səfərdə “Neftçi”yə məğlubiyyəti bir gün öncə Qəbələdə eyni adlı komandaya qalib gələn “Xəzər-Lənkəran”ı zirvədə saxladı. Mircavadov “İnter”lə oyun öncəsi bunun psixoloji üstünlük olması ilə razılaşır: “Ancaq ola bilərdi ki, bu, ən yaxın izləyicimiz yox, başqa komanda ilə oyun öncəsi baş verərdi. İş elə gətirdi ki, liderliyi “İnter”lə görüş öncəsi ələ keçirdik. Əlbəttə, bu, yaxşı haldır. Ancaq buna görə arxayınlaşmaq olmaz. Sakit, təmkinlə işimizi davam etdirəcəyik. “İnter”lə oyuna xüsusi yox, adi qaydada, plan üzrə hazırlaşacağıq. Yəni, əsas rəqiblərimizdən biri ilə hazırlığa ciddi fərq qoymayacağıq. Sonda çempion olmaq lazımdır və buna nail olmaq uğrunda mübarizə gedir”.

XXVIII turdakı nəticələrlə çempionluq uğrunda mübarizə daha da qızışıb. İndi lider “Xəzər-Lənkəran”la 5-ci pillənin sahibi “Neftçi”ni cəmi 6 xal ayırır. 6-cı yerdə qərarlaşan “Qəbələ” isə mükafatçılar sırasına düşmək şansını azaldıb.

Mircavadovun fikrincə, “Neftçi”nin “Xəzər-Lənkəran”ı vahid lider etməsini nə qədər xoş hal saysa da, bunu sürpriz saymır: “Fikrimcə, “Neftçi”nin “İnter” üzərində qələbə qazanmasını böyük sensasiya etmək lazım deyil. Məgər “Neftçi” əvvəl bu komandanı udmayıb ki? “Bakı”nın “Qarabağ” üzərində qələbəsini də sensasiya saymıram. Hələ “altılıq”dan öncə də məndən çempionluğa namizədlərlə bağlı soruşanda demişdim ki, 6 komandanın hamısının buna şansı var. Düzdür, “Qəbələ” bizə məğlubiyyətdən sonra qızıl da olmasa, başqa əyarlı medal uğrunda mübarizə aparacaq. Qalan 5 komandanın hamısının çempionluq şansı var. Son turda nəticələr isə mübarizəni daha qızışdırdı. Qalan 4 turdakı nəticə hər bir yerə öz təsirini göstərəcək. Bütün komandalar öz taktikalarına uyğun hazırlaşacaq və çempion sonda bilinəcək”.