“Barselona”nın oyununu bəyənməyən azərbaycanlı məşqçi kimdir?
19.04.2010 - 16:53
“Barselona”nın oyununu bəyənməyən azərbaycanlı məşqçi kimdir?
“Milli komandamızın baş məşqçisinin işinə qarışmaq istəmirəm. Sadəcə, mövsümün sonunda klubların hazırlıq prosesinə fikir vermək lazımdır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadovun fikrincə, Berti Foqtsun mövsümün qızğın vaxtında toplanış keçirməsi klubların narazılığına səbəb ola bilər. Hər halda, konkret “Qarabağ” rəhbərliyi “Bakı”ya 1:4 hesablı məğlubiyyəti daha çox futbolçuların yığmadan qayıdandan sonra yorğunluğu ilə əlaqələndirib. Sona 4 tur qalmış Premyer Liqanın vahid lideri olan “Xəzər-Lənkəran”ın çalışdırıcısı alman həmkarına tövsiyələrini çatdırıb: “Mövsümün sonunda təkcə bizdə yox, bütün Avropada yorğunluq var. Hətta dünyanın ən güclü komandası olan “Barselona”nın da. Bu komandanın “Espanyol”la görüşünü izlədim. Vacib xal itirdikləri həmin oyunda “Barselona”nın futbolçuları meydanda yeriyirdilər. Mövsümün sonuna az qalmış həmişə futbolçuların fiziki durumu aşağı olur. Ancaq bu, o demək deyil ki, onlar hazır deyillər. Ola bilsin ki, “Qarabağ”ın son turda futbolçularında yorğunluq var idi və sonda belə nəticə oldu. Bütün bunları yığmanın məşqçiləri nəzərə alsaydı, yaxşı olardı”.

Təcrübəli məşqçi bildirib ki, komandasının hazırlıq prosesində, xüsusilə ilk 2 gündə fiziki hazırlığa xüsusi diqqət yetirir: “Özü də bu ağır yükləmələri bütün komandaya yox, fərdi qaydada edirəm. Yəni, hər futbolçuya necə yükləmə verməyin lazım olduğunu müəyyənləşdirirəm. Elə futbolçu var ki, çoxlu enerji itirdiyindən onu bərpa etmək lazımdır. Eləsi də var ki, yükləmələrlə fiziki hazırlığı yüksəltmək gərəkdir”.