“Komandam tam hazırdır, amma yarışa gedəcəyimiz bilinmir”
20.04.2010 - 23:01
“Komandam tam hazırdır, amma yarışa gedəcəyimiz bilinmir”
“Hazırlığımız davam edir. Komandamızın “Dördlər finalı”na tam hazır olduğunu deyə bilərəm. Yeganə problemimiz uçub-ucmayacağımızdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.

Bu il ölkəmizi futzal üzrə UEFA kubokunda layiqincə təmsil edən Azərbaycan çempionu “Araz” “Dördlər finalı”na vəsiqə qazanıb. AFFA-nın Futbol Akademiyasında təlim-məşq toplanışı keçən təmsilçimiz planlarını dəyişə bilər. Belə ki, İslandiyadakı vulkan püskürməsi “Araz”ın Portuqaliyaya səfərini yubada bilər. Baş məşqçini də narahat edən əsas məsələ də məhz bu qeyri-müəyyənlikdir: “Komanda olaraq başqa bir problemimiz yoxdur. Rəhbərlik bizim üçün hər bir şərait yaradıb. Hər gün məşqdən sonra rəqibin UEFA kubokunda və daxili çempionatda keçirdikləri oyunları izləyib, analiz edirik. Çox güclü rəqibdir. Dünyanın ən güclü komandası olduğunu deyə bilərik. Heyətində İspaniya millisinin 6 üzvü, həmçinin güclü braziliyalı legionerləri var. İşimiz çox çətin olacaq. Həm texnikalı futbolçulardan təşkil olunub, həm də standard vəziyyətlərdən yetərincə yararlanırlar”.

Braziliyalı məşqçi komandanın “Dördlər finalı”ndakı şansını da qiymətləndirib: “Hər gün futbolçularıma izah edirəm ki, cütün favoriti onlar olsalar da, keçilməz rəqib deyil. Əgər öz oyunumuzu oynasaq və onlara qismən oynamağa imkan versək, finala vəsiqə qazana bilərik. Şanslara gəlincə, futbolçularımı da demişəm. İki komandanın da finala çıxmaq şansı 50 faizdir”.