Berti Foqts: Vaqif Cavadov olmayacaq, başqasını oynadacağam
21.04.2010 - 11:09
Berti Foqts: Vaqif Cavadov olmayacaq, başqasını oynadacağam
“Vaqif Cavadov 4 aydır “Tvente” klubuna keçib. Onun bu müddətdə cəmi bir görüşdə, özü də əvəzedici komandanın heyətində oynaması məni narahat etmir. Aydın məsələdir ki, futbolçu zədə alanda oynamır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Ötən il ölkənin ən yaxşı futbolçusu seçilən Vaqif Cavadov yanvarda Hollandiyanın “Tvente” klubuna keçdikdən sonra problemlə üzləşib. Belə ki, cərrahiyə əməliyyatına məruz qalan həmyerlimiz hələ də əsas komandanın heyətində debüt etməyib. Ancaq Avro-2012-nin startına az qalmış 21 yaşlı hücumçunun oyun praktikası sarıdan korluq çəkməsi alman çalışdırıcını qayğılandırmır: “Bu, əhəmiyyətli deyil. Vaqif olmayacaq, onun yerinə başqa hücumçunu oynadacağam”.

Komandamızın digər legioneri Mahir Şükürov isə klubunda mövqe dəyişikliyi ilə bağlı problemlə üzləşib. Yeni mövqeyə uyğunlaşmaqda çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi bunu Foqtsla müzakirə etmək fikrindədir. Ancaq baş məşqçi bunda da narahatçılıq görmür: “Klubun məşqçisi futbolçunu istədiyi mövqedə oynada bilər. “Anji”nin çalışdırıcının Mahiri hansı mövqedə oynatması məni maraqlandırmır. Mən onu milli komandada sağ cinahda oynatmışam. Şükürov məhz bu mövqedə tanınıb, məşhurlaşıb. Mahirin “Spartak”la görüşünü izləmək üçün Moskvaya gedəcəyimə gəlincə, “Anji”nin hansı oyununu izləməyi dəqiqləşdirdikdən sonra səfərə çıxacağam”.