“Klublar öz işləri ilə məşğul olsalar, daha yaxşıdır”
21.04.2010 - 11:21
“Klublar öz işləri ilə məşğul olsalar, daha yaxşıdır”
“Futbolçuların milli komandanın təlim-məşq toplanışından klublarına yorğun qayıtmasını kim deyir ki? Mən Qurban Qurbanov və “Qarabağ” rəhbərliyinin dediklərinə şərh vermək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Unibank Premyer Liqasının XXVIII turunda “Bakı”ya öz meydanında böyük hesabla uduzan (1:4) “Qarabağ” belə uğursuz nəticəyə əsas səbəb kimi futbolçuların yorğun olmasını göstərib. Oyundan sonra baş məşqçi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl mövsümün qızğın vaxtında yığmanın təlim-məşq toplanışlarının planlarına təsir etdiklərini bildirib. Ancaq Foqts nəinki “Qarabağ”ın, ümumiyyətlə klubların buna etirazını düzgün saymır: “Klublar öz işləri ilə məşğul olsalar, daha yaxşıdır. Keçirdiyim təlim-məşq toplanışının əsas məqsədi futbolçuların fiziki hazırlığını yüksəltmək, taktiki baxımdan daha da yaxşı oynamaqdır. Çox yaxşı bilirsiniz ki, beynəlxalq səviyyədə məşqlər, oyunlar var. Biz belə məşq proseslərini təşkil etməklə, mili komandanı müəyyən səviyyəyə çatdırmaq istəyirik”.

Alman çalışdırıcı həmçinin bildirib ki, bu toplanışlar futbolçuların xeyrinədir və onların daha yaxşı hazırlığına, oyununa hesablanıb: “Bir də mən planımı əvvəldən tərtib etmişəm. Təqvim tərtib edilərkən, yığmanın bu təlim-məşq toplanışları nəzərdə tutulmalı idi”.