Vaqif Cavadovun məşqçisi Lui van Qalın xələfi olmağa namizəddir
23.04.2010 - 10:08
Vaqif Cavadovun məşqçisi Lui van Qalın xələfi olmağa namizəddir
Hollandiya Futbol Məşqçiləri İttifaqı mövsümün ən yaxşı çalışdırıcısı nominasiyasına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren də mükafata iddiaçılar sırasındadır.

21 yaşlı hücumçumuzun məşqçisi dünya futbolunun əfsanələrindən sayılan Rinus Mihelsin adını daşıyan mükafata sahib olmaq üçün 3 rəqibini üstələməlidir. Belə ki, onunla yanaşı, “Feyenoord”dakı həmkarı Mario Bin, “Ayaks”ın baş məşqçisi Martin Yol və “Alkmaar”ın baş məşqçisi Gertyan Verbek də mövsümün ən yaxşısı adına namizəddir.

Rinus Mihels mükafatının qalibi Hollandiya məşqçilərinin mayın 15-də keçiriləcək 8-ci qurultayında açıqlanacaq. Maklaren həmkarlarını üstələyə bilərsə, 2004-cü ildən təsis olunan mükafatın 5-ci qalibi olacaq. İndiyədək Ko Adrianse (2004), Qus Hiddink (2005, 2006), Fred Rutten (2008) və son qalib Lui van Qal (2007, 2009) mövsümün məşqçisi seçilib.

Qeyd edək ki, Hollandiyanın 4 ən yaxşı məşqçisindən biri Vaqifi komandasına transfer etsə də, ona hələ də güvənməyib. Cavadov biri çempionatda olmaqla, cəmi iki dəfə əvəzedici heyətdə şans qazanıb.