“Bakı” və “Neftçi” nəhsdən çıxır
23.04.2010 - 11:33
“Bakı” və “Neftçi” nəhsdən çıxır
“Bakı” və “Neftçi” klubları bu gün tarixlərində 14-cü dəfə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” milli çempionatda çıxış etdiyi 18 ildə ən ağır məğlubiyyəti həmşəhərlilərindən alıb.

Bu, 2007-ci ilin oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda baş verib. Həmin vaxt makedoniyalı Qyoko Hacıyevskinin baş məşqçisi olduğu “Bakı” çexiyalı Vlastimi Petrjelanın çalışdırdığı “Neftçi”ni 5:1 hesabı ilə yenib. Bu görüşün het-trik etməklə əsas qəhrəmanı olan nigeriyalı hücumçu Əhməd Ticani indi də “Bakı”nın sırasında olsa da, zədə üzündən bu il rəsmi oyun keçirməyib. Digər qol müəlliflərindən Leandro Qomeşlə Amiran Muciri “Bakı”, serb Branimir Subaşiç isə “Neftçi”dən gedib. Yeri gəlmişkən, “Bakı” “Neftçi”nin qapısına 16 dəfə yol tapıb və qol vuran 9 futbolçudan ən çox fərqlənəni məhz Qomeşdir – 4 dəfə. Uzun illər “Neftçi”də oynamış Rəşad Sadıqov isə etdiyi avtoqolla “Bakı”nın hesabına qol yazıb.

Rəqiblər arasında oyunların balansı demək olar, bərabərdir. Belə ki, komandalar hərəyə 5 qələbə qazanıb, 3 oyun isə heç-heçə bitib. Sadəcə, topların fərqi “Bakı”nın xeyrinədir (16-12). Oyunlarda 7 müxtəlif hesabdan ən çox qeydə alınanı 1:0-dır.

Paytaxt təmsilçiləri öz aralarında oyunda müvafiq olaraq 66 və 61 futbolçunun xidmətindən yararlanıb. Son ölkə çempionunda bu imkana ən çox malik olan, 9 dəfə meydana çıxan Peresdir. Georgi Adamiya, Vadim Borets, Mahmud Qurbanov, Elvin Əliyev, Rail Məlikov və Aleksandr Çertoqanov Bakı derbisində hər iki komandanın heyətində çıxış edib. Ramin Quliyevlə Ramazan Abbasov “Bakı”dan “Neftçi”yə keçsələr də, keçmiş komandalarına qarşı oynamayıb.

Qeyd edək ki, Cüneyt Biçər “Bakı”nı “Neftçi” ilə görüşə 5-ci baş məşqçi kimi tarixə düşəcək. Ona qədər bu missiyanı yerinə yetirmək Əsgər Abdullayev, Böyükağa Hacıyev, Qyoko Hacıyevski və Bülənt Korkmazın üzərinə düşüb. “Neftçi”də bu say daha çoxdur – 8 baş məşqçi. Belə ki, Kazbek Tuayev, Ağasəlim Mircavadov, Qurban Qurbanov, Vlastimil Petrjela, Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vaqif Sadıqov və hazırkı baş məşqçi Arif Əsədov komandanı “Bakı” ilə oyuna çıxarıb. Gededən sonra, Sadıqova qədər “Neftçi”nin baş məşqçisi olan Böyükağa Ağayevə isə bu nəsib olmayıb.

“Bakı” və “Neftçi” klubları arasındakı bütün oyunlar

2004/05 mövsümü

15.09.2004. “Bakı” – “Neftçi” - 2:0
13.02.2005. “Neftçi” – “Bakı” - 0:0

2005/06 mövsümü
03.12.2005. “Bakı” – “Neftçi” - 2:2
07.05.2006. “Neftçi” – “Bakı” - 0:1

2006/07 mövsümü
10.11.2006. “Bakı” – “Neftçi” - 0:1
08.05.2007. “Neftçi” – “Bakı” - 1:0

2007/08 mövsümü
20.10.2007. “Bakı” – “Neftçi” - 5:1
30.03.2008. “Neftçi” – “Bakı” - 3:2

2008/09 mövsümü
16.08.2008. “Neftçi” – “Bakı” - 0:1
21.02.2009. “Bakı” – “Neftçi” - 2:0

2009/10 mövsümü
25.10.2009. “Bakı” – “Neftçi” - 0:2
09.02.2010. “Neftçi” – “Bakı” - 1:1
21.03.2010. “Neftçi” – “Bakı” - 1:0