Mövsümün sonunda “Qalatasaray”dan gedəcək futbolçular
23.04.2010 - 12:31
Mövsümün sonunda “Qalatasaray”dan gedəcək futbolçular
Mövsümün sonunda “Qalatasaray” klubundan gedəcək futbolçular bəlli olub. Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçi Frank Raykaard 8 oyunçu ilə vidalaşmağa qərar verib.

Superliqanın növbəti turunda lider “Bursaspor”la vacib oyun öncəsi “Cim Bom”un bazasında baş verən dava-dalaş klub rəhbərliyini radikal qərar çıxarmağa məcbur edib. Söhbət kapitan Arda Turanla Caner Erkin arasında yumruq davasından gedir. Bundan sonra rəhbərlik məşqçi heyəti ilə birgə gedəcək futbolçuların siyahısını hazırlayıb.

1. Caner Erkin – kapitan Ardanı məşqdə təhqir etməsi ona “Qalatasaray” karyerasını bitirmək bahasına başa gəldi. Rəhbərlik ötən mövsüm bir illiyə Moskva MOİK-indən icarəyə götürdüyü solaxay futbolçuya qapını göstərdi.

2. Jo Alveş – “Diyarbəkirspor”la oyunda azarkeşlərin komandaya etiraz etməsinin əsas səbəbi məhz bu braziliyalı hücumçudur. Ümidləri doğrultmayan, nizam-intizamı da bir neçə dəfə pozan Jo ilə icarə müqaviləsi uzadılmayacaq.

3. Leo Franko – “Fənərbaxça” ilə derbi oyunda kobud səhvi nəticəsində qol buraxan və komandanın məğlubiyyətinə baiskar olan argentinalı qapıçının hələ 2 illik müqaviləsi var. Ancaq həmin uğursuz oyunda qapıda yerini Aykut Ərçətinə verən Frankonu Raykaard yeni mövsümdə heyətdə görmək istəmir.

4. Barış Özbək – “Sivasspor”la oyunda rəqibə təpik atan və nəticədə 4 oyunluq cəza alan yarımmüdafiəçi ilə müqavilə yenilənməyəcək. Barış doğulduğu Almaniyaya qayıdacaq.

5. Əmrə Aşıq – Karyerası ərzində üç fərqli vaxtda “Qalatasaray”da oynayan 37 yaşlı müdafiəçi karyerasını bitirir. Daim peşəkarlığı ilə alqış qazanan Aşıqa rəhbərlik minnətdarlıq edərək, yola salacaq.

6. Harri Kyuell – İllik müqaviləsində 50 faiz endirim etməsinə baxmayaraq, rəhbərliyi razı sala bilmədi. 32 yaşlı avstraliyalı futbolçu sağlıq durumunda problemlər, uzun müddət zədəli olması və yaşının çox olması göz önünə gətirilərək, onunla yollar ayrılacaq.

7. Sərvət Çətin – Raykaardın hesabdan sildiyi mərkəz müdafiəçisi Moskvaya gedə bilər. Belə ki, əslən azərbaycanlı olan Çətini MOİK transfer etmək istəyir.

8. Mehmet Topal – yarımmüdafiəçi “Valensiya” ilə ilkin razılığa gəlib. Rəhbərlik onun gedişinə izn verəcək.