Sadıqov: Qapıçımız bizə bir xal qazandırdı
23.04.2010 - 17:26
Sadıqov: Qapıçımız bizə bir xal qazandırdı
“Bu gün azarkeşlər çox maraqlı, gərgin oyunun şahidi oldular. Təəssüf ki, yağış bu matçın daha da məzmunlu olmasına imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sumqayıtın “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Unibank Premyer Liqasının XXIX turunun “Turan”la oyunundan sonra keçirilən mətbuat konfransında nəticədən narazı qaldığını açıqlayıb: “Qol vurmaq üçün kifayət qədər imkanlarımız olsa da, şanslardan yararlana bilmədik. Maşado penalti zərbəsini də vura bilmədi. Növbəti oyunlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Qolsuz heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra “Turan”ın baş məşqçisi Nizami Sadıqov da oyunla bağlı fikirlərini bildirib: “Ağır oyun keçdi. 90 dəqiqə boyu tempin aşağı düşməməyi matçın maraqlı alınmasına səbəb oldu. Hər iki komandanın qol vurmaq imkanları oldu. Kamal Bayramov rəqibin 11 metrlik cərimə zərbəsini dəf etməklə, bir xal qazanmağımızda əsas pay sahibi oldu”.