“Neftçi”ni son iki oyuna görə təhlil etsək də...”
23.04.2010 - 18:45
“Neftçi”ni son iki oyuna görə təhlil etsək də...”
“Bakı” klubunun braziliyalı futbolçusu Venio məşqçilərinin planlarını pozub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin məşqçisi Məqsəd Yaqubəliyev Unibank Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında məhz cənubi amerikalını qınayıb.

O, Venionun aldığı qırmızı vərəqənin nəticəyə təsir etdiyini açıqlayıb: “Neftçi” ilə oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin son iki oyununu təhlil etmişdik. “Qarabağ”la matça əsasən onların zəif, “İnter”lə görüşə görə güclü tərəflərini öyrənmişdik. Qarşılaşmanın birinci hissəsində hər şey istədiyimiz kimi alınırdı. Venionun qırmızı vərəqə alması isə hər şeyi dəyişməsinə səbəb oldu. Futbolçularımız mübarizə aparsa da bundan artığı mümkün olmadı”.

Qeyd edək ki, qırmızı vərəqəyədək hesabda irəlidə olan “Bakı” matçın sonlarında buraxdığı qoldan sonra 1:1 hesablı heç-heçə ilə kifayətlənib.