Azərbaycan yığmasının son təlim-məşq toplanışı nə vəd edir?
24.04.2010 - 07:22
Azərbaycan yığmasının son təlim-məşq toplanışı nə vəd edir?
Milli komandanın baş məşqçisi Berti Foqts aprelin 19-dan 22-dək Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirdi. Özünü milli komandaya layiq hesab edən futbolçular üçün bundan yaxşı fürsət ola bilməzdi. Almaniyalı mütəxəssis də məhz bu amili nəzərə alaraq, millidən kənarda qalan futbolçuların son hazırlığını nəzərdən keçirmək imkanı qazandı.

Dəvət alan 18 futbolçudan kimlərin əsas milli komandaya layiq olduğuna məşqçilər korpusu qərar verəcək. Sevindirici hal ondan ibarətdir ki, bu cür seleksiya xarakterli təlim-məşq toplanışı qarşıdakı illərdə də davam edəcək və əsas milliyə çağırılmayan futbolçular özlərini göstərmək imkanı qazanacaqlar. Millinin seleksiya xarakterli təlim-məşq toplanışının mətbuat üçün açıq məşqində səsləndirilən fikirlər də bunu deməyə əsas verir. Həm almaniyalı mütəxəssis, həm də futbolçular təlim-məşq toplanışının vacibliyindən söhbət açdılar. Bu cür toplanışların əhəmiyyəti bir də ondan ibarətdir ki, millinin istənilən mövqeyində rəqabət yaranmasına kömək edir. Təbii ki, burada məqsədlər tam fərqlidir, futbolçular əsas yığmaya dəvət almaq üçün özlərini göstərirsə, baş məşqçi Berti Foqts milli komandanı daha yaxşı səviyyəyə çatdırmaq və rəqabəti artırmaq üçün səy göstərir.

Foqtsun diqqətini kim çəkəcək?
Bu toplanışa dəvət olunan futbolçuların siyahısına nəzər yetirdikdə hansılarının əsas milliyə dəvət ala biləcəyini ehtimal etməyə çalışacağıq. Bunun üçün əsas milli komandanın axsayan mövqelərinə nəzər yetirərək müəyyən mülahizələr yürütmək olar. Başlayaq qapıdan. Əminliklə qeyd etmək olar ki, milli komandanın qapısı gənc olmasına baxmayaraq, etibarlı əllərə tapşırılıb. Kamran Ağayevin qapı xəttində xoş təsir bağışlaması belə deməyə əsas verir. Onun əvəzləyicisi kimi Fərhad Vəliyevin mütəmadi olaraq milliyə dəvət alması bu mövqedə yeni simaya rast gələcəyimiz ehtimalınızı bir qədər azaldır. Hərçənd Vəliyev qeyri-stabil çıxışı ilə seçilir və oyun ərzində buraxdığı kobud səhvlərlə diqqət çəkir. Üçüncü qapıçı kimi isə Səlahət Ağayev yığmaya dəvət olunur. Lakin Vəliyev barədə dediklərimizi Ağayevə də aid etmək olar. Berti Foqtsun planlarına bələd olmadığımızdan rəsmi oyunlar zamanı qapı xəttində yeni ada rast gələcəyimizi qəti surətdə deyə bilmərik. Hərçənd seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan üç qapıçı - Aqil Məmmədov (“Bakı”), Anar Nəzirov (“Standard”) və Anar Məhərrəmov (“İnter”) üçün bu hazırlığın özlərini göstərmək baxımdan böyük əhəmiyyət kəsb etdiyini demək olar. Gənc “əlcək sahibləri”ndən hansı baş məşqçinin etimadını qazana bilsə, Kamran Ağayevin əvəzləyicisi qismində görə bilərik. Ən azından gələcək üçün qapıçıların yetişməsinə zəmanət yaratmaq mümkündür.

Abdullayevin əvəzləyicisi kim ola bilər?

Toplanışa dəvət olunan futbolçuların əksəriyyətinin sağ cinah müdafiəçisi olması diqqət çəkir. Nəzərə alsaq ki, milli komandanın sağ cinahda Rail Məlikov, Mahir Şükürov və Maksim Medvedev kimi futbolçular çıxış edir deməli bu mövqedə hər hansı bir futbolçunun dəvət olunması ehtimalı az görünür. Lakin Şükürovun yarımmüdafiəyə keçirilməsi burada müəyyən problemlər yarada bilər. Bunu nəzərə alan almaniyalı mütəxəssis sağ cinahda rəqabəti gücləndirmək üçün baxışa dəvət etdiyi futbolçular arasında seçim edəcək. Müdafiənin mərkəzinə gəlincə, burada Rəşad Sadıqovla Ruslan Abışov pis təsir bağışlamırlar. Volodimir Levin əvəzedici kimi yaxşı çıxış edə bilər. Bir neçə oyunda Sadıqovla birgə müdafiə xəttinin mərkəzində yer alan Saşa Yunisoğlu son vaxtlar zəifləyib. Hər halda burada kifayət qədər yaxşı futbolçular var. Bu, Foqtsun optimal heyət aramasından xəbər verir. Yunisoğlunun yenidən əsas milliyə dəvət olunacağını normal qarşılamaq lazımdır. Berti Foqtsun alternativ variant kimi U-21-in və “Qəbələ”nin müdafiə xəttinin mərkəzində çıxış edən Vurğun Hüseynovun baxışdan keçirməsini də ehtimal etmək olar. Hüseynovun bir qədər ləng olması milliyə gedən yolunu kəsə bilər. Hərçənd hər şey futbolçuların məşqlərdə özlərini necə göstərməsindən asılıdır. Müdafiə xəttinin sol cinahına Elnur Allahverdiyevin əvəzləyicisi kimi Elvin Əliyev, Şəhriyar Rəhimov və Ernani Pereyra arasında seçim etməlidir. Qeyd edək ki, baş məşqçi Ernani Pereyranı və Elvin Əliyevi 1-2 oyunda məhz bu cinahda sınayıb. Hərçənd “Neftçi” - “İnter” görüşündə müdafiənin solunda oynayan flaqmanın üzvü Ruslan Əmircanov da məhz bu cinahdakı oyunu ilə Foqtsun diqqətini cəlb. Onun da milliyə cəlb olunmaq variantı istisna deyil. Məlum olan odur ki, sol cinahda Allahverdiyevə layiqli əvəzedici yoxdur. Foqts isə bu problemi həll etməyə çalışır.

Yarımmüdafiədə ciddi dəyişiklik gözlənilmir

Yığmanın yarımmüdafiə xəttinin sabit futbolçulardan təşkil olunması bu mövqeyə yeni oyunçuların dəvət olunması ehtimalını azaldır. Hərçənd alternativ yaratmaq üçün sol cinahda Vüqar Nadirovun (hərçənd o da cinah yarımmüdafiəçisi yox, hücumçudur) yerində başqa futbolçuları sınaqdan keçirə bilər. Vüsal Hüseynov və Vüqar Nadirovun zədəli olması Foqtsun seçim imkanını azaldıb. Tural Cəlilov, Arif Daşdəmirov və Nizami Hacıyev triosundan məşqçinin diqqətini cəlb edən özünü milli komandada görə bilər.

Anatoli Ponomaryov bir addım öndədir

Vaqif Cavadovun zədəli olması baş məşqçinin planlarına təsirsiz ötüşməyə bilməz. Gənc hücumçunun zədələnməsi Fərid Quliyevin milliyə yolunu açdı. İnsaf naminə qeyd edək ki, Quliyev oynadığı qarşılaşmalarda pis təsir bağışlamayıb. Almaniyalı mütəxəssis irəli xətdə rəqabət yaratmaq üçün Anatoli Ponomaryovu yenidən əsas yığmaya qaytara bilər. Seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan digər hücumçuların - Cavid İmamverdiyevin və Elşən Məmmədovun yığmaya dəvət almaq ehtimalı Ponomaryovun şansı qədər yüksək deyil. Anatolinin karyerasını Türkiyədə davam etdirməsi və beynəlxalq oyun təcrübəsinin olması belə deməyə əsas verir.

Məşqçilər nə düşünür?

Milli komandanın ehtiyat bazasını yaratmaq üçün atılmış bu cür addım məşqçilərin də təqdirini qazanıb. Müraciət etdiyimiz mütəxəssislər seleksiya xarakterli təlim-məşq toplanışının vacib olduğunu bildirirlər.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Bu toplanış bir daha göstərir ki, Berti Foqts heç bir futbolçunu diqqətdən qaçırmır. Milliyə düşmək üçün can atan futbolçular üçün bundan yaxşı fürsət ola bilməz. Təbii ki, bu cür toplanışlar futbolçuların özləri üçün əlavə stimul olacaq. Bizim komandanın əksər oyunçuları yığmaya dəvət olunur. Məncə, stabil çıxışı ilə seçilən Rəşad Abdullayevi də dəvət edərək nəyə qadir olduğunu nəzərdən keçirə bilərdi”.

Yunis Hüseynov (“Karvan”ın baş məşqçisi): “Burda qeyri-adı bir şey yoxdur. Futbolçu üçün məşq etmək lazımdır. Millidə və ya öz komandasında bunun elə bir əhəmiyyəti yoxdur. Berti Foqts hansı futbolçuların millidə oynamağa layiq olduğunu müəyyən etmək üçün belə bir addım atıb. Bunu da normal qəbul etmək lazımdır. Məncə, bu cür məşqlərin ancaq müsbət təsiri ola bilər. Deyə bilmərəm ki, başqa kimsə də çağırıla bilər. Bunu etsəm, Berti Foqtsun işinə qarışmış olaram. O öz taktikasına və oyun üslubuna uyğun futbolçuları dəvət edib”.

Vaqif Sadıqov (yığmanın sabiq baş məşqçisi): “Foqtsun Azərbaycan futboluna, futbolçularına bələd olması üçün bu addımını yüksək qiymətləndirirəm. Məncə, proses növbəti illərdə də davam etdirilməlidir. Bilirsiniz ki, Azərbaycanda yerli səviyyəli futbolçular elə də çox deyil. Yəni Foqtsun seçim imkanları elə də geniş deyil. Təbii ki, o da diqqətini cəlb edən futbolçuları bu cür seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edərək nəyə bələd olduğunu yerində öyrənmək istəyir. Hələ “Neftçi”də işlədiyim dövrdə bəzi futbolçuların diqqətdən kənarda qaldığını Foqtsa bildirmişdim. Ancaq təəssüflər olsun ki, son məşqə hansı futbolçuları dəvət etdiyini bilmirəm”.

Ramiz Məmmədov (“Qəbələ”nin baş məşqçisi): “Təqdirəlayiq haldır. Bizim komandadan da 2 nəfər dəvət olunmuşdu. Mövsümün sonunda toplanışın futbolçuların özlərini toparlamaq baxımından əhəmiyyətli olduğunu düşünürəm. Təbii ki, özünü yaxşı tərəfdən göstərənlərin əsas millinin heyətinə düşmək ehtimalları çoxdur. Bir də Pərvin Paşayevin də həmin seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməsini istərdim”.