“Bir yerdə yemək yemək yenilik deyil” - MÜSAHİBƏ
24.04.2010 - 07:30
“Bir yerdə yemək yemək yenilik deyil” - MÜSAHİBƏ
Cari mövsümün əsas təsnifat mərhələsində zəif təsir bağışlayan “Bakı” birinci “altılıq”da ardıcıl xallar qazanmaqla çempionluq uğrunda gedən mübarizəni bir qədər də qızışdırdı. İndi paytaxt təmsilçisinin titulunu qorumaq şansı var. Ötən mövsüm qızıl medalların qazanılmasında az əməyi olmayan və kapitan sarğısını daşıyan, Bülənt Qorxmazın gəlişindən sonra isə ehtiyat oyunçular skamyasında yer alan Rəfael Əmirbəyovla söhbət zamanı komandanın şanslarını, eləcə də özünün nə vaxt yaşıl meydanlara qayıdacağını araşdırdıq.

- “Qarabağ”la oyundan başlayaq. Rəqib meydanında bü cür qələbə gözlənilən idimi?
- Birinci “altılıq”da asan oyun yoxdur. Komandaların hamısı mükafatlar uğrunda mübarizə aparır. Turnir cədvəlinə diqqət yetirsək, hər birinin şansının olduğunu deyə bilərəm. Oyuna gəldikdə, gərgin keçəcəyini bilirdik. Çünki “Qarabağ” ən güclü klublardan biridir. Həm də bu oyunda xal itirsəydik, bizdən əvvəlki sıralarda yerləşən rəqiblərimizlə xal fərqi arta bilərdi. Ancaq uşaqlar buna imkan vermədi. Oyunu yüksək səviyyədə keçirdik və layiq olduğumuz qələbəni qazandıq.

- Mükafatlar uğrunda mübarizə aparan komandaların, demək olar ki, hamısı eyni səviyyədədir. Ona görə də böyükhesablı qələbə nadir hallarda qeydə alınır. Güclü müdafiə xəttinə malik “Qarabağ”ın qapısından 4 top keçirmək sürpriz olmadımı?
- Əlbəttə, gözlənilməz oldu. Görüşdən əvvəl heç kim oyunun bu hesabla bitəcəyinə inanmırdı. Futbolun gözəlliyi də bundadır. Əvvəlcədən heç kim hesabın neçə olacağını bilmir. Bu cür hesabla qələbə qazandığımıza görə çox şadıq.

- Erkən qol vurmağınız da işinizi xeyli asanlaşdırdı...
- Hər bir komandanın öz strategiyası var. Bütün komandalara qarşı eyni taktikadan istifadə etmək mümkün deyil. Əlbəttə, erkən qol vurmağımız qələbə qazanmağımızda böyük rol oynadı. Bu qolu vurmasaydıq, irəliləyən dəqiqələrdə nələrin baş verdiyini deyə bilməzdim. Hesab açıldıqdan sonra rəqib irəli atıldı. Biz də əks-hücumlarda onları yaxaladıq və ikinci qolu vurduq. Sonrası isə məlumdur. “Qarabağ”ın hesabda geri düşməsi oyunçularına psixoloji cəhətdən mənfi təsir göstərdi.

- Baş məşqçi postunda edilən dəyişiklikdən sonra “Bakı” yüksələn xətt üzrə inkişaf edir. Ardıcıl qələbələrin qazanılmasını sırf baş məşqçi dəyişikliyi ilə əlaqələndirmək olarmı?
- Sözsüz, baş məşqçi dəyişikliyinin təsiri var. Ümumi götürdükdə, Bülənt Qorxmaz pis məşqçi deyil. Əsas problem oyunçuların onun nə istədiyini başa düşməməsi ilə bağlı idi. Baş məşqçi postunda edilən dəyişiklikdən sonra nəticə göz qabağındadır.

- Yeri gəlmişkən, yeni baş məşqçinin gəlişindən sonra hansı dəyişiklər baş verdi ki, komanda indi daha baxımlı futbol oynayır?
- Qorxmazın vaxtında psixoloji gərginlik var idi. Uşaqlarda özünə inam az idi. Biçər isə uşaqlara sərbəstlik verib.

- Psixoloji gərginliyin səbəbi nə idi?
- Qorxmaz yerli-yersiz uşaqların üstünə qışqırırdı. Verilən tapşırıqlar çox vaxt uşaqlara çatmırdı. Ona görə də oyunumuz alınmırdı. Adətən heç-heçə edirdik. Qələbəni isə 1 qolla qazanırdıq. İndi bu problemlər aradan qaldırılıb. Bu gün futbolçular baş məşqçinin meydanda onlardan nə istədiyini gözəl bilirlər. Belə olan təqdirdə, biz də öz işimizi görməyə çalışırıq.

- Bülənt Qorxmazın komandaya ciddi nizam-intizam gətirdiyi deyilirdi. Onun gedişindən sonra bu qədər sərbəstliyin verilməsi əks nəticə verə bilərmi?
- Buna inanmıram. Heyətdə yer alan oyunçuların əksəriyyəti təcrübəlidirlər. Neçə ildir futbol oynayırıq. Peşəkar futbolçular üçün bu önəmli deyil. Əskinə, qarşıdakı oyunlarda da maksimum nəticə qazanmağa çalışacağıq. Ötən il də mübarizə son tura qədər davam etdi. Hansı komandanın çempion olacağı sonuncu qarşılaşmada müəyyənləşdi. “İnter”lə aramızda cəmi bir xal fərqi var idi. Ötən il şəraitimiz bundan heç də yaxşı deyildi. Əksinə, bu il daha yaxşı şərait yaradılıb. Ancaq Qorxmazın komandaya hansısa yenilik gətirdiyini deyə bilmərəm. Səhər, günorta və axşam bir yerdə yemək yemək yenilik demək deyil. Məşqlər də yüksək səviyyədə deyildi. İndi rəhbərlik komandanı bir yerə yığb və qarşıya məqsəd qoyub - çempion olmaq. Biz də məqsədə nail olmaq uğrunda mübarizə aparırıq. Artıq bizdən nə istənildiyini bilirik. Bu gün heyətə düşmək uğrunda ciddi rəqabət gedir. Kim güclüdürsə, baş məşqçi də ona şans verir. Qorxmaz isə komanda uddu və uduzdu, eyni futbolçulara güvənirdi. Məşqdə özünü yaxşı göstərsən də, heyətə düşməyəcəyini bilirdin.

- Dediyin amilləri nəzərə alsaq, Qorxmazın vaxtında komandada qruplaşmanın olduğunu demək olarmı?
- Yox, hansısa qruplaşmadan söhbət gedə bilməz. Sadəcə, rəqabət, demək olar, yox dərəcəsində idi. İlk gündən 11 nəfəri seçdi və bütün oyunlarda onlara güvəndi. Daha zəif oynadığına görə ehtiyatda qalacağını düşünən yox idi. Futbolçularda arxayınçılıq yaranmışdı. Bilirdilər ki, Qorxmaz növbəti qarşılaşmada da onlara şans verəcək. İndi vəziyyət fərqlidir.

- Qışda gələn legionerlər necə, komandaya kömək edə bilirlərmi?
- Onlardan yalnız Adriano ehtiyatda qalır. Təzə-təzə ona əsas heyətdə yer verilsə də, sabit çıxış etmədiyi aydınlaşdı. Digər futbolçuların oyunu göz qabağındadır. Onlar sabit çıxış edirlər. Həm də artıq rəqabətin olduğunu nəzərə alıb, şans verilən futbolçu bundan maksimum yararlanmağa çalışır.

- Bəs səni nə vaxt əsas heyətdə görəcəyik? Bəlkə rəqabətə hazır deyilsən?
- Bu suala baş məşqçi cavab verə bilər. Mən özümü daim formada saxlayıram. Məşqlərdə maksimum dərəcədə çalışıram. Heç kimdən də zəif deyiləm. Ola bilsin, ardıcıl qələbələrə görə məşqçilər heyəti qalib komandanı dəyişməyə ehtiyac görmür.

- Baş məşqçi ilə özün söhbət etmisən?
- Əlbəttə, danışmışam. Şans verəcəyini deyib. Hələlik uşaqlar sabit çıxış edir.

- Vəziyyət bu cür davam edərsə, komandadan ayrılmağı düşünürsənmi?
- Xeyr, şansımı gözləyəcəm. Bu tək mənim başıma gəlməyib. Elə futbolçular var ki, illərlə ehtiyatda oturur, sonradan oynamaq şansı qazanır.

- Artıq 34 yaşın var. Karyeranı bitirmək barədə düşünürsənmi?
- Hələ özümdə güc hiss edirəm və oynamaq istəyirəm. Özümü məşqlərdə yaxşı tərəfdən göstərməyə çalışıram və şansımı gözləyirəm.

- “Bakı” mövsümə Qyoko Hacıyevski ilə başladı, Büləntlə davam etdi, finişə isə Biçərlə yollanır. Mövsümdə 3 baş məşqçi dəyişmək komandaya necə təsir edir?
- Bu futboldur. Elə klublar var 5 baş məşqçi dəyişir. Ehtiyac varsa, bunu etmək lazımdır. Biz peşəkarıq, baş məşqçi postunda kimin yer almasından asılı olmayaraq, komandanın uğur qazanması üçün əlimizdən gələni edirik, edəcəyik.

- Son mövsümün çempionu olan “Bakı” titulunu qoruya biləcəkmi?
- Buna çalışırıq.

Mənbə: Futbol dünyası” qəzeti