Rauf Mehdiyev: Belə klubda oynamaq üçün...
24.04.2010 - 23:01
Rauf Mehdiyev: Belə klubda oynamaq üçün...
“Futboldan ayrı düşmüşdüm. 6 aylıq fasilədən sonra "İnter"ə qoşuldum. Hiss etdim ki, oynaya bilməyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq qapıçısı Rauf Mehdiyev deyib.

“Karvan”ın şərəfini qoruyan 34 yaşlı futbolçu qışda düşərgəsində məşq keçdiyi Bakının “İnter” klubuna keçidinin baş tutmamasının səbəbini açıqlayıb. Rauf bildirib ki, Yevlax təmsilçisində icarə əsasında deyil, müqavilə ilə çıxış edir: "İnter" çempionluq uğrunda mübarizə aparırdı, mən zədəmi təzə sağaltmışdım. Belə klubda oynamaq üçün formada olmaq lazımdır. Rəhbərliyə yaxınlaşıb dedim ki, getmək istəyirəm. Məni "İnter"lə heç bir tel bağlamır. O klubdan ayrılmışam. Heç qayıdacağım da bilinmir".

Qeyd edək ki, Rauf Mehdiyev vaxtilə ölkənin ən güclü qapıçıları sırasında olub. O, "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik" kimi iddialı klubların şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu olan Mehdiyev 2007/08 mövsümün ən yaxşı qapıçısı seçilib.