İtaliyalı baş məşqçi: Azərbaycan çempionu bizi təəccübləndirdi
26.04.2010 - 08:46
İtaliyalı baş məşqçi: Azərbaycan çempionu bizi təəccübləndirdi
“UEFA kubokunun “Dördlər finalı”nda öz oyunumuzu göstərə bilmədik. “Benfika” və “Araz”a qarşı oyunlarımız alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Luparense” klubunun baş məşqçisi Tomas Amoros Rivera Sitos deyib.

Futzal üzrə UEFA kubokunun üçüncü yeri uğrunda görüşdə Naxçıvanın “Araz” komandasına uduzan apenninlilər təmsilçimizdən elə bu cür oyun gözləyirmiş. İtaliyalı mütəxəssis AFFA-nın rəsmi internet saytına verdiyi açıqlamada gözlədiklərinin gerçəkləşməsinə təəccübləndiklərini gizlətməyib: “Azərbaycan çempionunun oyunlarının videoyazısını izləmişdik. Üslublarına sadiq qalıb yenə pressinq tətbiq etdilər və bununla bizi təəccübləndirməyi bacardılar. “Araz”ın heyətində ən çox bəyəndiyim futzalçı Felipe oldu”.

Qeyd edək ki, “Araz” – “Luparense” oyununun taleyini penaltilər seriyası həll edib. Əsas vaxtı 2:2 bitən görüşdən sonra futzalçılarımız daha dəqiq olublar – 5:4.