Rusiyalı mütəxəssis lənkəranlı futbolçunu təriflədi
26.04.2010 - 09:09
Rusiyalı mütəxəssis lənkəranlı futbolçunu təriflədi
Rusiya Premyer Liqasında daha bir azərbaycanlı futbolçu debüt edib. Apasport.az saytının məlumatına görə, “Saturn” klubunda çıxış edən 17 yaşlı yarımmüdafiəçi Emin Mahmudov Moskvanın “Dinamo” klubu ilə səfər oyununda (0:1) 34-cü dəqiqədə zədələnən komanda yoldaşı Andrey Karyakanı əvəzləyib.

Maraqlıdır ki, əslən Lənkərandan olan Eminin adı ilk dəfə Premyer Liqa oyunun protokoluna daxil edilib və bu, debütü ilə üst-üstə düşüb. O, “Saturn”un heyətində ən yüksək qiymət alanlardan (5,5 bal) biri olub. Təsadüf deyil ki, “Saturn”un baş məşqçisi Andrey Qordeyev Emini tərifləyib: “O, kifayət qədər yaxşı oynadı. Emin görüşü minimum xətalar və yaxşı hərəkətlə keçirdi”.

Qeyd edək ki, milli komandamızın yarımmüdafiəçi Mahir Şükürov də son turda həmyerlisi ilə eyni qiymət alıb. Rusiyanın ikiqat çempionu “Rubin”dən xal aldıqları görüşdə (0:0) 90 dəqiqə meydanda olan 28 yaşlı futbolçumuzun çıxışı 5,5 balla qiymətləndirilib.