Emin Mahmudov: Debüt oyunumda qələbə qazansaq, daha yaxşı olardı
26.04.2010 - 09:47
Emin Mahmudov: Debüt oyunumda qələbə qazansaq, daha yaxşı olardı
“Premyer Liqada ilk dəfə oyunun protokolunda yer aldığım zaman meydana çıxacağıma inanırdım. Ancaq istənilən halda, bunu gözləmirdim. Buna görə də debütüm mənim üçün böyük sürpriz oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Saturn” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov deyib.

Bu ilin yanvarında Rusiyada keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin bombardiri olan 17 yaşlı yarımmüdafiəçi Premyer Liqanın son turunda Moskva “Dinamo”su ilə görüşdə 34-cü dəqiqədə meydana daxil olub. Rus həmkarlarımızın görüşdə aparıcı fiqurlardan saydığı Emin ilk oyununu belə qiymətləndirib: “Əlbəttə, ilk hissədə zədələnən Andrey Karyakanın yerinə meydana çıxdığım zamanı çox həyəcanlanırdım. Hər halda, ilk oyunum olduğundan bu hisslər güclü idi. Ancaq qazona çıxan kimi bütün bunlar aradan qalxdı. Ümumilikdə, debüt oyunumda pis çıxış etmədim. Digər tərəfdən, hələ çox komponentlərdə “artırmağım” lazımdır. Ən əsası, top itkilərinin sayını azaltmalıyam. Bunun çox olması məni məyus etdi. Bir də ilk oyunda nəticənin qazanmağımız yaxşı olardı”.

Mahmudovun fikrincə, “Dinamo” qələbə qazansa (1:0) da, oyun ümumilikdə bərabər keçib: “Oyunun rəqibin bir az üstünlüyü ilə keçirdi. Ancaq bizim də qol imkanlarımız rəqibdən az deyildi. Təəssüf ki, onlardan yararlana bilmədik. Deməzdim ki, “Dinamo” bizdən qat-qat yaxşı oynadı. Bəli, ilk hissədə təşəbbüs meydan sahiblərində idi. Onlar debütdə bir neçə qol vəziyyəti yaratdılar. Ancaq tədricən oyunu bərabərləşdirdik və kifayət qədər yaxşı oynadıq. Ancaq rəqibdən fərqli biz imkanlarımızdan istifadə edə bilmədik”.