İcraiyyə Komitəsinin iclasının təxirə salınmasının səbəbi məlum oldu
26.04.2010 - 11:01
İcraiyyə Komitəsinin iclasının təxirə salınmasının səbəbi məlum oldu
“İcraiyyə Komitəsinin iclasının təxirə salınması texniki məsələlərlə bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA sabah “Park İnn” otelində iki tədbir keçirməyi planlaşdırırdı. Belə ki, saat 18:00-da İcraiyyə Komitəsinin iclasından sonra “Access Bank”la sponsorluqla bağlı müqavilə imzalanmalı idi. Ancaq AFFA İK-nın toplantısının təxirə salınması ilə bağlı bu gün rəsmi məlumat yayıb. Məmmədov məsələyə belə izah verib: “Bildiyiniz kimi, gündəlikdə duran ilk məsələ Unibank Premyer Liqasının yeni formatının müzakirəsi ilə bağlıdır. Bu, ciddi məsələdir və qorxduq ki, müzakirə 1 saat yox, daha çox çəksin. Belə olan halda, “Access Bank”la müqavilənin imzalanması ilə bağlı mərasim yubana bilərdi. İcraiyyə Komitəsinin üzvlərinin bu tədbirə gələcəyini bilirdik və ona görə də qurumun toplantısını bir gündə eyni məkanda keçirməyi planlaşdırdıq. Ancaq sonradan hesabladıq ki, bu zaman texniki problemlər yarana bilər. Yəni, saat 18:00-da hamı işdən çıxır və bu zaman nəqliyyatda tıxaclar olduğu üçün gecikmələr ola bilər. Biz isə yeni sponsorla əməkdaşlıq müqaviləsinin bağlanmasının gecikməsini istəmədik”.

Məmmədov, həmçinin bildirib ki, İcraiyyə Komitəsinin iclası bu həftə baş tutacaq.