Unibank Premyer Liqasının iştirakçısı “Naval”la anlaşdı
27.04.2010 - 14:11
Unibank Premyer Liqasının iştirakçısı “Naval”la anlaşdı
Sumqayıtın “Standard” klubunun futbolçusu Huqo Maçado özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, ötən ilin yayında ölkəmizə gələn 30 yaşlı yarımmüdafiəçi vətəni Portuqaliyada oynamağa üstünlük verib.

Unibank Premyer Liqasının sonuna 3 tur qalmış Maçado Portuqaliyanın “Naval” klubu ilə anlaşıb. Hazırda ölkəsinin güclülər dəstəsində çıxış edən “Naval” Maçado ilə iki illik razılığa gəlib. Vaxtilə ölkəsinin 19 yaşadək futbolçulardan ibarət milli komandasında oynamış Huqo vətənində “Alvalade”, “Eştrela Amadora”, “Barreyrense”, Kiprdə “Apollon”, “Olimpiakos”, “Alki” klublarının şərəfini qoruyub. Onun yeni komandası Portuqaliya çempionatının 28 turundan sonra 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, cümə günü “Turan”la oyunda penaltini vura bilməyən Huqo Unibank Premyer Liqasında 23 matçda 3 qol vurub. Maçado 3 dəfə vurduğu penalti zərbəsindən ikisini qola çevirib.