“Muğan”ın vitse-prezidenti: Onu mütləq cəzalandıracağıq
27.04.2010 - 15:42
“Muğan”ın vitse-prezidenti: Onu mütləq cəzalandıracağıq
Salyanın “Muğan” klubunun bosniyalı qapıçısı Edis Kurtanoviç cəzalandırılacaq. Bu haqda apasport.az saytına məlumat verən komandanın vitse-prezidenti Bəhruz Şirəliyev sözlərinə görə, Unibank Premyer Liqasının hesabat turunda “Karvan”a evdə 2:3 hesabı ilə uduzduqları oyunda qapıçılarının çıxışından narazı qalıblar.

“Karvan”la oyunda ilk hissədən sonra hesabda 0:3 irəlidə geridə idik. Rəqib qapımıza üç zərbə vurdu, üçü də qol oldu. Kurtanoviç sabit qapıçı olsa da, həmin görüşdə kobud səhvlər etdi” – deyə vitse-prezident bildirib.

Şirəliyevin sözlərinə görə, Kurtanoviç səhvini boynuna alıb: “Oyunun diskinə baxanda görürsən ki, qapıçımızın çox ciddi səhvləri olub. Onu cərimə edəcəyimizi, yaxud əvəzedici komandaya göndərəcəyimizi, bir sözlə, hansı cəza olacağını indidən dəqiq deyə bilmirəm. Yaxın günlərdə bununla bağlı qərar verəcəyik. Hər halda, Kurtanoviçi yüz faiz cəzalandıracağıq”.

Qeyd edək ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Muğan” Kurtanoviçlə “Karvan”la oyuna qədər yeni bir illik müqavilə imzalayıb.