Joze Maurinyonun xələfi Azərbaycana gəlməyə razıdır
27.04.2010 - 17:01
Joze Maurinyonun xələfi Azərbaycana gəlməyə razıdır
Azərbaycan milli komandasının Avro-2012-də rəqibi olan Belçika yığmasının baş məşqçi postuna yeni namizəd müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Portsmut” klubunun baş məşqçisi Avraam Qrant altı aydan sonra postunu tərk edən holland həmkarı Dik Advokatın xələfi ola bilər.

İngiltərənin məşhur “Daily Mail” nəşrinin yazdığına görə, israilli mütəxəssis Premyer Liqada cari mövsüm bitəndən sonra Belçika yığmasının sükanı arxasına keçməyə razıdır. Belə ki, müflis klub elan olunan “Portsmut” gələn mövsümü İngiltərənin 2-ci liqasında keçirəcək. Bu zaman Qrantın məvacibi da xeyli azaldılacaq. Bu isə 54 yaşlı mütəxəssisi yeni iş yeri tapmağa məcbur edir.

Qeyd edək ki, Qrant daha çox Londonun “Çelsi” klubunun baş məşqçisi kimi tanınıb. 2007/08 mövsümünün ikinci yarısında Joze Maurinyonu əvəzləyən çalışdırıcı komandanı Çempionlar Liqasına finalına çıxardı. Həmin vaxt “Çelsi” Moskvada “Lujniki” stadionunda həlledici oyunda “Mançester Yunayted”ə yalnız oyun sonrası penaltilər seriyası ilə yenildi.