Berti Foqts: Futbolu hokkeylə qarışdırmaq olmaz
28.04.2010 - 10:15
Berti Foqts: Futbolu hokkeylə qarışdırmaq olmaz
“Çox şadam ki, biz AFFA tərəfindən daha bir güclü sponsor tapa bildik. Sözsüz ki, AccesBankın maliyyə baxımından bizə çox köməyi dəyəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

AFFA və AccessBankla sponsorluq və əməkdaşlıqla bağlı müqavilənin imzalanması mərasimində iştirak edən alman mütəxəssis bunun davamını gözləyir: “Ümid edirəm ki, gələcəkdə böyük şirkətlər, banklar futbola maraq göstərəcək və bu yöndə AFFA-ya yardım edəcəklər. Sözsüz ki, bu, təkcə əsas yığma üçün əhəmiyyət daşımır. Uşaq futboluna, gənclərin inkişafı üçün maddi yardım etmək çox vacibdir”.

Tədbirdən sonra AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, İcraiyyə Komitəsinin üzvləri ayaqüstü söhbətləşdilər. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və Foqtsun da iştirak etdiyi bu müzakirələrdə çempionatın formatının barədə fikir mübadiləsinin aparıldığı daha inandırıcı görünürdü. Hazırkı “altılıq” sisteminin əleyhdarlarından olan alman çalışdırıcının hansı təkliflər verməsi maraq doğururdu: “Mən öz təkliflərimi Peşəkar Futbol Liqasına vermədim. Beynəlxalq səviyyədə təcrübəm var. Öz fikirlərimi həmişə bildirirəm. Ancaq indi Peşəkar Futbol Liqasına yox, AFFA-nın vitse-prezidenti Elşad Nəsirova öz təklifimi söyləmişəm. Öz fikirlərimi aydın şəkildə ona bildirdim. Baxmaq lazımdır ki, xaricdə ölkə çempionatları necə oynayırlar. Futbolu hokkeylə bir yerə qoymaq lazım deyil. Hokkeydə pley-off oyunları var. Futbolun marağı ondadır ki, bütün komandalar bir-birinə qarşı oynasın”.