“Mən Berti Foqtsun hakimlikdən danışmasını görməmişəm”
29.04.2010 - 15:47
“Mən Berti Foqtsun hakimlikdən danışmasını görməmişəm”
“İcraiyyə Komitəsinin iclasında hakimlərlə bağlı qərar yox, tövsiyə qəbul edilib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

İcraiyyə Komitəsinin (İK) bu gün keçirilən iclasında tövsiyə olunub ki, baş məşqçilər oyun sonrası mətbuat konfranslarında hakimliklə bağlı açıqlama verməsinlər. Məmmədovun sözlərinə görə, bu, yalnız tövsiyə xarakteri daşıyır: “Baş məşqçilər oyun bitən kimi hakimlik haqda danışmağa başlayır. Misal üçün, soruşursunuz ki, taktikada hansı səhv etmisiniz. Baş məşqçi də cavabında deyir ki, hakim düzgün qərar qəbul etməyib. Beynəlxalq oyunlarda heç bir məşqçi hakimliyi müzakirə etmir. Ona bu haqda sual vermirlərsə, niyə görə bunu müzakirə etsin? Şikayəti varsa, növbəti gündə bunu rəsmi qaydada etsin”.

Baş katib klubların hakimliklə bağlı şikayət etməsinin yolunu da göstərib: “Mətbuat konfransından sonra hakimlik haqda bəyanat vermək istəyirsənsə, problem yoxdur. Biz demokratik ölkədə yaşayırıq. Ancaq mətbuat konfransı jurnalistlər üçün nəzərdə tutulur və bunda öz komandanı, rəqibi müzakirə etmək lazımdır”.

Məmmədov beynəlxalq praktikada baş məşqçilərin hakimlərlə bağlı şikayətinə belə münasibət bildirib: “Mən bu iki ildə yığmamızın baş məşqçisi Berti Foqts hakimlikdən danışmasını görməmişəm. Baxmayaraq ki, baş hakim bəzi oyunlarda bizə qarşı səhv qərarlar verib. Sizlər Foqtsdan bu haqda soruşanda, heç vaxt danışmayıb. Deyib ki, bu, mənim işim deyil, buna UEFA və FİFA baxsın”.