Dörd “futbolçumuz” Estoniya yığmasına çağırıldı
29.04.2010 - 16:32
Dörd “futbolçumuz” Estoniya yığmasına çağırıldı
Unibank Premyer Liqasında çıxış edən estoniyalı futbolçuların hamısı milli komandalarına dəvət olunub. Apasport.az saytının məlumatına görə, “Neftçi”dən Dmitri Kruqlov, Taavi Rahn, Vladimir Voskoboynikov və “Xəzər-Lənkəran”dan Tixon Şişov gələn ay Tallində keçiriləcək Finlandiya və Xorvatiya ilə yoldaşlıq görüşlərinə çağırılıb.

Bu oyunlar müvafiq olaraq, mayın 21-də və 26-da keçiriləcək. Estoniyalılara dəvətlə bağlı klublarına faks gəlib. Ancaq “Neftçi”dən fərqli, “Xəzər-Lənkəran”ın futbolçusunun mayın 21-də baş tutacaq görüşə yollanmasında problem var. Məsələ ondadır ki, Azərbaycanda futbol mövsümü mayın 22-də ölkə kubokunun final oyunu ilə yekunlaşacaq. “Xəzər-Lənkəran” isə turnirdə mübarizəni davam etdirir. Finala vəsiqə təqdirində Tixon Finlandiya ilə oyunu buraxmalı olacaq.

Hər halda, futbolçu Azərbaycan kubokuna üstünlük verdiyini elə saytımıza açıqlamasında bildirib. Ancaq bundan sonra Xorvatiya ilə görüşə yollanmağa imkan yaranır. Tixonu yığmanın mayın 21-də oyununa buraxıb-buraxmamağa “Xəzər-Lənkəran”da baş məşqçisi Ağasəlim Mircavadov qərar verəcək.