Vitali Borisov: Həmin vaxt içimdə müəyyən həyəcan var idi
30.04.2010 - 13:25
Vitali Borisov: Həmin vaxt içimdə müəyyən həyəcan var idi
Azərbaycan yığmasının və “Araz”ın futzal klubunun üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi

- Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Dördlər finalı”nda “Araz”ın çıxışını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, biz yarımfinalda dünyanın ən güclü klublarından olan “İntervyu” ilə üz-üzə gəldik. Bunu əvvəlcədən bilirdik. Rəqibin oyunlarını analiz edib, müəyyən taktika müəyyənləşdirmişdik. Fikrimcə, onlara qarşı pis oynamadıq.

- Bəs, uduzmağınızın əsl səbəbi nə idi?
- Deyərdim ki, başabaş mübarizə apardıq. Onların heyətində Braziliya və Portuqaliya yığmalarına çağırılan oyunçular var. Hər şeyin əla getdiyi bir vaxtda yorulduq. Son 6 dəqiqədə rəqib bizi hər cəhətdən üstələdi. Bu 6 dəqiqə bütün planlarımızı alt-üst etdi. Əvvəlcə, ispanlara qarşı mübarizə apara bilməyəcəyimizi düşünürdük. Amma məğlubiyyət oyundan sonra bizə çox pis təsir etmişdi. Fikirləşirdik ki, onları uda bilərdik.

- Üçüncü yer uğrunda İtaliyanın "Luparense" klubu ilə görüşdünüz. Ancaq sona 3 dəqiqə qalmış hesabı bərabərləşdirdiniz və qalib penaltilər seriyasında bəlli oldu. Demək olarmı ki, “İntervyu” ilə oyundan sonra həvəsdən düşmüşdünüz?
- Yox, biz Lissabona mübarizə aparmaq üçün getmişdik. İstəyimiz vətənə hər hansı bir medalla qayıtmaq idi. Bakıda qarşımıza qoyduğumuz məqsədi "İntervyu"ya məğlubiyyət dəyişmədi. Məncə, qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik.

- “Araz”ın İtaliya təmsilçisini üstələməsində böyük əmək sərf etdiniz. Həm ilk qolu, həm də sonuncu penaltini dəqiq yerinə yetirdiniz. Məsuliyyəti öz üzərinə götürməkdə tərəddüd etmədiniz ki?
- Oyun epizodundan fərqlənmək çətin deyil. Rəqib qapısına komanda yoldaşlarının köməkliyi ilə qol vurmaq olur. Amma penalti zərbəsini tək yerinə yetirməlisən. Məndən öncəki uşaqlar dəqiq vurmuşdular. Əgər mən də eyni nailiyyəti qazansaydım, bürünc medala sahib çıxacaqdıq. Bu mənada həmin an içimdə müəyyən həyəcan vardı. Çox keçmədən bu həyəcandan əsər-əlamət qalmadı. Axı penaltini dəqiq vurub, komandanın qələbəsini təmin etdim. Əgər vurmasaydım, uduza da bilərdik.

- Portuqaliyada əsl futzal ab-havası var idi. Geniş salonda, görmədiyiniz azarkeş ordusu qarşısında oynamaq sizə mənfi təsir göstərmirdi ki?
- Etiraf edim ki, ilk dəfə bu qədər azarkeş görürdüm. Həqiqətən də, atmosfer əla idi. Ajiotaj çıxışımıza mənfi təsir göstərmədi. Əksinə, tamaşaçı çox olduqca, futzalçı oyuna bir o qədər yaxşı köklənir.

- Bürünc medalı qazandıqdan sonra komanda daxilindəki atmosferi necə təsvir edərdiniz?
- Hər şey gözəl idi. Həm arenada, həm də oteldə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Hamı bir-birini təbrik edir, uğur arzulayırdı.

- Qazanılan tarixi uğura görə AFFA rəhbərliyinin sizi mükafatlandıracağı söylənilir. Bu barədə eşitmisiniz?
- Düzü, biz mükafat barədə əvvəlcədən düşünməmişdik. Əgər başqa amilləri ön plana çəksək, futzal oynamaq yaddan çıxar. "Dördlər finalı"ndan öncə AFFA bizi Avropa çempionatında qazanılan dördüncülüyə görə mükafatlandırmışdı. Yəqin ki, yenə belə olar. Amma bu barədə heç nə eşitməmişəm.

- Səbirsizliklə gözlənilən "Dördlər finalı" başa çatdı. Yəqin ki, bundan sonra bütün diqqətinizi ölkə daxili yarışa yönəldəcəksiniz...
- Əlbəttə, biz yenə "Dördlər finalı"nda oynamaq üçün mübarizə aparacağıq. Artıq istirahət müddəti başa çatıb. Komandamız turnirdən sonra bərpa prosesi keçir. Ən yaxın izləyicimizlə arada xal fərqi böyükdür. Biz yenə zirvədəyik və çempion olacağıq. Digər məqsəd Azərbaycan kubokunu qazanmaqdır.

- "Araz" son 6 ildə çempionluğu bayram edir. Sizcə, niyə qarşınızı kəsən yoxdur?
- Azərbaycan çempionatı az komandanın iştirakı ilə keçirilir. Təəssüf ki, bu, belədir. Komandanın az olması, pis haldır. Əgər rəqiblərin sayı çox olsa, çempionat daha gərgin keçər. İndi bizə müqavimət göstərmək gücündə olan yalnız iki komanda var - "Neftçi" və "Ekol".

- Bildiyimizə görə, "Araz"la müqavilənizin müddəti mayda bitir. Komanda ilə yeni müqavilə bağlamaq fikriniz varmı?
- Çempionatın gedişi zamanı yeni müqaviləni müzakirə etmək peşəkarlığa sığmır. Əlbəttə, məni gələcək karyeram düşündürür. Amma indi yox. "Araz"la müqaviləmin bitməsinə cəmi bir ay qalıb. Əgər yeni müqavilə təklif olunsa və şərtlər məni razı salsa, qalaram. "Araz" klubundan getməyim də istisna deyil.