Elmar Baxşıyev: Biz lideri dəyişmək haqda fikirləşmirik
30.04.2010 - 13:54
Elmar Baxşıyev: Biz lideri dəyişmək haqda fikirləşmirik
“Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşması bir derbi oyunudur. Bu səbəbdən görüşün maraqlı alınacağını söyləmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev deyib.

29 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XXX turunun “Xəzər-Lənkəran”la oyununda qələbə qazanmaq iddiasında olduqlarını bildirib: “Oyuna yaxşı hazırlaşmışıq. Hamımız qarşımızda hansı rəqibin olduğunu yaxşı dərk edir, məsuliyyəti başa düşürük. “Xəzər-Lənkəran” çox güclü komandadır. Lideri dəyişmək haqda fikirləşmirik. Sadəcə, meydana çıxıb öz qələbəmizi qazanmaq istəyirik. Düşünürəm ki, bu mümkündür. Çünki həyatda hər şey ola bilər”.

Baxşıyev matçın daha az azarkeş tutan İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinin futbolçulara deyil, azarkeşlərə təsir edəcəyini düşünür: “Biz futbolçuyuq, işimiz oynamaqdır. Harada desələr, orada da oynayarıq. Meydan hər yerdə meydandır. Heç bir fərqi yoxdur. Amma azarkeşlər üçün oyunun daha böyük stadionda keçirilməsi yaxşı olardı. Belə olan halda, görüşü daha çox seyrçi izləyə bilərdi”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” matçı saat 17:00-da başlayacaq.