“Kiçik çantamla Azərbaycanda çox qala bilməzdim”
30.04.2010 - 15:02
“Kiçik çantamla Azərbaycanda çox qala bilməzdim”
Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Qyoko Hacıyevskinin apasport.az saytına müsahibəsi

- “Simurq”la müqavilə bağlayandan az sonra vətəninizə döndünüz. Makedoniyadan nə vaxt qayıdacaqsınız?
- Yaxın günlərdə.

- Belə söz-söhbətlər gəzir ki, “Simurq” rəhbərliyi ilə fikir ayrılığı yarandığından ölkəmizi birdəfəlik tərk etmisiniz...
- Bu, həqiqəti əks etdirmir. İnanmıram ki, qarşı tərəfin mənimlə münasibətlərində problem yaransın. Müqavilə bağladığım “Simurq” rəhbərliyi ilə mütəmadi əlaqə saxlayıram.

- Klub prezident Zaur Məmmədovla sonuncu dəfə nə vaxt danışmısınız?
- Bu gün. Münasibətlərimiz qaydasındadır, heç bir problem yoxdur.

- Bəs Azərbaycana nə vaxt qayıdacaqsınız?
- Mayın əvvəllərində. Yaxın günlərdə zəngləşib, səfərin vaxtını dəqiqləşdirəcəyik.

- Makedoniyaya yollanmağınıza səbəb nə idi?
- Azərbaycanda mövsüm bitməyib. Çempionat hələ davam edir, sona üç tur var. Biz əvvəldən razılaşdıq ki, münasibətlərimizi rəsmiləşdirəndən bir müddət sonra vətənimə gedim. Bilirsiniz, “Simurq”un baş məşqçisi var. İstəmədim ki, orada qalmaqla, ab-hava korlansın. Deməsinlər ki, baş məşqçisi ola-ola, Hacıyevski də komandanın daxilindədir.

- Yəni, bilərəkdən kənarda qalmağı üstün tutdunuz...
- Belə demək olar. İstədim ki, hər şey sülhlə bitsin. Əslində, “Bakı”nın baş məşqçi postundan ayrılanda, yəni Bülənt Korkmaz gələndə də komandanın içində çox qalmadım. İndi də bir müddət kənarda qalmağı məqsədəuyğun saydım. “Simurq” rəhbərliyi ilə yeni mövsümün planları barədə müzakirə apardıq. Bir də ki Azərbaycanda kiçik bir çanta ilə çox qala bilməzdim. Vətənimə dönüb, yır-yığış etməli idim. Rəhbərliyə dedim ki, əşyaları götürüb, geri qayıdacağam.

- Deyilənə görə, əsas problem komandanın yeni mövsümdə məskunlaşacağı məkanla bağlı olub. Yəni, siz “Simurq”un daha çox Bakıda qalıb, oyun öncəsi Zaqatalaya yollanmağını təkid edirsiniz. Rəhbərlik isə buna razı olmadığından fikir ayrılığı yaranıb...
- Bu, heç də belə deyil. Komanda təmsil etdiyi məkanda daha çox qalmalıdır. Əgər “Simurq”un Zaqatalada oyunu varsa, Bakıda necə hazırlaşa bilər? Axı bu, heç bir məntiqə sığmır, anormal şeydir. Sadəcə, istərdim ki, komanda səfər oyunları öncəsi, misal üçün, 2-3 gün Bakıda hazırlıq keçsin. Bu praktika Azərbaycanın əyalət klublarında – “Karvan”, “Xəzər-Lənkəran”da da var. “Simurq” da bu yoldan istifadə edə bilər. Bakı ilə Zaqatala arasında məsafənin böyük olmasını nəzərə almaq lazımdır. 450 km az məsafə deyil. Yenə bu, bir dəfə olsaydı, dərd yarı idi. Ancaq qısa müddətdə hər dəfə bu məsafəni qət etmək, yol yorğunluğa gətirib çıxarır. Bu da komandanın çıxışına mənfi təsir edir.

- Rəhbərlik bu ideyanızı necə qarşıladı?
- Normal. Hər halda, buna qarşı çıxmadılar. Bu, sadəcə, komandanın uğurlu çıxışına hesablanan bir təklifdir. Mən bilmirəm, səhv məlumatlar hardan çıxır? Boş söz-söhbətləri şərh etmək istəmirəm. Rəhbərliklə aramda problem yoxdur. Bunu açıq deyirəm.

- Zaur Məmmədov saytımıza açıqlamasında deyib ki, Hacıyevski vətənində olduğu müddətdə seleksiya işi ilə məşğul olur. Bu yöndə vəziyyət necədir?
- Normal. Bir sıra oyunları izləyirəm. Diqqəti cəlb edən futbolçuların sayı kifayət qədər çoxdur. Özü də bu, təkcə Makedoniya yox, Balkan ölkələrindən, Yunanıstan, Kiprdəndir.

- Yeri gəlmişkən, sonuncu iş yeriniz olan Kiprin “Atremitos” klubu ilə hər hansı bağlılığınız qalmayıb ki?
- Yox. Mən hələ “Simurq”la müqavilə bağlamamış bu məsələni tam həll etmişəm.

- Diqqətdə saxladığınız yaxşı futbolçular Zaqatala klubuna gəlməyə razı olarlarmı?
- Əgər komanda yeni mövsümdə iddiası artarsa, niyə də yox? “Simurq” yüksək yerlər uğrunda mübarizə apararsa, yaxşı legioner onun heyətində çıxış etməyə razılıq verər. İstərdik ki, Zaqatala təmsilçisinin yeni mövsümdə çıxışı daha maraqlı olsun.

- Rəhbərlik də nəticə baxımından iddialıdır. Prezidentiniz bildirib ki, mayda müqaviləsi başa çatdığı üçün Roman Pokora baş məşqçi postundan ayrılacaq. Bu vəzifəyə isə əsas namizəd kimin sizin adınızı çəkib...
- Gələcəkdə necə olacağını deyə bilmərəm. Baş məşqçi məsələsinə klub rəhbərliyi qərar verir. Hazırda komandanın baş məşqçisi var və əvvəldən demişdim ki, Pokoranın işinə qarışmaq fikrim yoxdur. Mövsüm bitəndən sonra rəhbərlik hər şeyə tam aydınlıq gətirəcək.

- Sizə baş məşqçi postu təklif olunarsa, qəbul edərsiniz?
- Bu, danışıqların nəticəsindən asılıdır. Əgər belə variant olarsa, rəhbərliklə bunu müzakirə etmək mümkündür. Məşqçi kimi böyük təcrübəm var. Azərbaycan futboluna yaxşı bələdəm. Çoxlu əlaqələrim, Avropanın əksər yerlərində tanışlarım var. Yaxşı komanda yaratmaq üçün vaxt lazımdır. Hər şeyi zamanın ixtiyarına buraxıram.