“Neftçi” klubunda baş məşqçi istefası
03.05.2010 - 09:27
“Neftçi” klubunda baş məşqçi istefası
Bakının “Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Nazim Əliyev istefa verib. Bu haqda apasport.az saytına Əliyev özü məlumat verib. 47 yaşlı çalışdırıcı bildirib ki, hesabat turunda səfərdə “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb: “Oyundan sonra qərarımı şifahi olaraq bildirdim. Dedim ki, bu həftə istefa ərizəmi yazıb, məsələni rəsmiləşdirəcəyəm. Əvvəllər də böyük hesabla uduzmuşdum. Ancaq bu dəfə daha böyük fərqli məğlubiyyət olduğundan, getməyə üstünlük verdim. Məncə, özünə hörmət edən məşqçi belə hesablı nəticədən sonra istefa verər”.

Əliyev əvəzedicilərin çempionatında böyük hesablı nəticələrin çoxluğunu təsadüfi saymır: “Çempionatda yalnız “Neftçi” və “Bakı”nın heyəti 1992/93 təvəllüdlü futbolçulardan təşkil olunub. Digər komandalarda yaşca daha böyük futbolçular, hətta legionerlər oynayır. Rəhbərlik isə nəticə istəyir. Mən baş məşqçi postuna gələndə demişdim ki, belə heyətlə ən yaxşı nəticə “altılı”ğa düşmək olar və bunu yerinə yetirdim. Ancaq bundan yüksək nəticə qazanmaq, keçən ilki çempionluğu təkrarlamaq çətindir. Ötən il çempion olan heyətdən bir futbolçu da qalmayıb”.

Qeyd edək ki, bu, “Neftçi”nin əvəzedicilərində cari mövsümdə ikinci baş məşqçi istefasıdır. Əliyevin əvəzlədiyi Mirbağır İsayev də böyük hesablı məğlubiyyətdən sonra postundan getməyə qərar vermişdi.