Nazim Əliyev: Atemin yox, Ramazanovun qol vurmasını istəyirəm
03.05.2010 - 10:25
Nazim Əliyev: Atemin yox, Ramazanovun qol vurmasını istəyirəm
“Əvəzedici komandaya göndərilən Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atem hazırlığımızda iştirak etsə də, mən onlara oyunlarda şans vermirdim. Çünki buna lüzum görmürdüm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun əvəzedici komandasının baş məşqçi postundan istefa verən Nazim Əliyev deyib.

“Neftçi”nin əsas komandasını çalışdıran Arif Əsədov “altılıq”da I dövrədən sonra serbiyalı qapıçı Vladimir Miçoviç, türkmənistanlı yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemi əvəzedici heyətə göndərdi. Ancaq legionerlər bu komandada da oynamayıb, daha çox ehtiyatda qaldılar. Əliyev əvəzedicilərin çempionatında legionerlərin xidmətindən istifadə etməyi düzgün saymır: “Əvəzedici komandada əsas vəzifə futbolçu hazırlamaqdır. Elə legionerdənsə, gənc futbolçumuzu oynadaram da... Niyə özümüz-özümüzü aldadırıq ki? Hücumçumuz Ağabala Ramazanov çempionatın bombardirləri sırasındadır. Onu niyə ehtiyatda saxlayıb, əvəzinə legioneri oynadım? Mən Ramazanovun oynayıb, qol vurmasını istəyirəm, Atemin yox. Çünki legionerlər burda həmişəlik qalası deyillər, bir gün çıxıb gedəcəklər”.

Baş məşqçi Miçoviçlə Bayramovun adını heç “18-liy”ə daxil etmədiyini söyləyib: “Mişoviçin artıq 35 yaşı var, böyük komandalarda oynayıb. Onun əvəzedici heyətdə oynamağını lazım bilmədim. Atemi isə iki oyunda sonradan meydana buraxdım, onda da hesabda irəli olduğumuz vaxt. Əlbəttə, legionerlər oynamaq istəyirdilər. Ancaq onlar ehtiyatda qaldıqlarına görə narazılıq etmirdilər. Hətta məşq etdiyimiz meydança pis olsa belə, əcnəbilər peşəkar futbolçu kimi üzərinə düşən vəzifəni yerinə yetirirdilər”.

Qeyd edək ki, 17 yaşlı Ağabala Ramazanov iki dəfə çempionatımızın bombardiri olan Zaur Ramazanovun kiçik qardaşıdır.