“Həmin vaxt mənim yerimdə olsaydınız, hansı hissləri keçirdiyimi bilərdiniz”
03.05.2010 - 11:08
“Həmin vaxt mənim yerimdə olsaydınız, hansı hissləri keçirdiyimi bilərdiniz”
“Komandamızın I diviziona düşməsi mənə çox pis təsir etdi. Həmin vaxt mənim yerimdə olsaydınız, hansı hissləri keçirdiyimi bilərdiniz”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

2004-cü ilin yayında yaranan və ilk vaxtlar iddialı olan Yevlax təmsilçisinin hesabat turunda Premyer Liqadan gedişi rəsmiləşdi. Öz meydanında “Olimpik-Şüvəlan”a uduzan (0:1) “Karvan”ın I diviziona düşməsi sona iki tur qalmış dəqiqləşdi. Bunu məşqçi karyerasında ən uğursuz dövr sayan Hüseynov məsuliyyəti öz üzərindən atmır: “Əlbəttə, uğursuzluq olanda, ilk növbədə baş məşqçi günahkardır. Ancaq “Karvan” I diviziona düşməyə layiq deyil. Öz oyunumuzla ikinci “altılıq”da çoxlarından güclü idik. Təəssüf ki, son pillənin sahibi kimi Premyer Liqadan getməyimiz rəsmiləşdi. Niyə belə oldu, heç özüm də baş aça bilmirəm. İnanın ki, son turda evdə “Olimpik-Şüvəlan”ı 3:1, 4:1 hesabı ilə məğlub etməli idik. Hətta AFFA nümayəndəsi bizim qələbəyə daha layiq olduğumuzu etiraf etdi. Əvəzində isə uduzduq. Qapıya gedən topu öz oyunçumuz çıxarır, boş qapıya vurduğumuz zərbələr dirəkdən qayıdır. Baxırsan ki, topun qapıya girməməyi qeyri-mümkündür. Ancaq nə olsun, qol olmur ki, olmur. Bu, dəhşətli bir şeydir”.

Növbəti çempionatın sistemi hələ müəyyənləşmədiyindən, “Karvan”ın Unibank Premyer Liqasında çıxışını davam etdirməyə şansı var. Elə 45 yaşlı çalışdırıcı da formatla bağlı mövsümün sonunda qərar verəcək AFFA-nın İcraiyyə Komitəsindən xoş xəbər gözləyir: “Premyer Liqada qalacağımıza ümidimizi itirməmişik. Komandaların sayını artırsalar, yaxşı olardı. Bu zaman yenə güclülər dəstəsində oynayardıq. Ancaq I divizionda çıxış etməli olsaq da, rəhbərlik komandanı saxlayacaq. Mənim və futbolçuların qalması hələ bəlli deyil. Futbolçuların çoxunun müqaviləsi bitir. Rəhbərliklə görüşüb, komandanın gələcək taleyini müzakirə edəcəyik. Hər şey rəhbərlikdən asılıdır”.