“Tvente” rəhbərliyi Vaqif Cavadovu icarəyə verə bilər
03.05.2010 - 11:52
“Tvente” rəhbərliyi Vaqif Cavadovu icarəyə verə bilər
Hollandiyanın “Tvente” klubunda islahatlar aparılacaq. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə ölkə çempionu olan Enshede təmsilçisi heyətin gücləndirilməsi yönündə bir sıra addımlar atmaq zərurəti ilə üz-üzə qalıb.

Belə ki, komanda ölkə çempionatında birinci yeri tutmaqla, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Son turun “Breda” ilə səfər oyununda qazanılan bu vəsiqə “Tvente” rəhbərliyi qarşısında məsuliyyəti birə-beş artırıb. Qrup turnirində uğurlu çıxış etmək, holland futbolunun nüfuzunu layiqincə qorumaq üçün klub bir sıra səviyyəli futbolçuları transferlər etmək məcburiyyətindədir. Bu isə komandaya lazım olmayan oyunçuların da taleyinə təsirsiz ötüşməyəcək.

Hollandiya çempionatında etimad qazanmayanların daha sanballı turnirdə meydana çıxmaq şansları minimuma bərabər olduğundan, onların ya transferə çıxarılması, ya da icarəyə verilməsi planlaşdırılır. Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun bu islahatlardan kənar qalması mümkünsüz görünür. Yanvarda transfer olunduğu “Tvente”nin ən yaxşı halda əvəzedici komandasında oynayan 21 yaşlı hücumçu hələlik gözlənilənləri vermir. Onun da komandaya lazımsız olanlar siyahısında yer alacağı gözlənilir. Lakin Vaqifin gənc olması transferə çıxarılmasına əngəl olmalıdır. “Tvente” onu zəif, və ya ortabab kluba icarəyə verməklə, orada oyun praktikası qazanaraq ümidləri doğruldacaq səviyyəyə qalxmasını gözləyə bilər.

Qeyd edək ki, Cavadov “Tvente”nin əvəzedici heyətində 3 oyun keçirib.