Yunis Hüseynov: Baş hakim Junivana qırmızı vərəqə verməli idi
03.05.2010 - 12:37
Yunis Hüseynov: Baş hakim Junivana qırmızı vərəqə verməli idi
“Olimpik-Şüvəlan”la görüşdə baş hakim nəticəyə təsir göstərmədi. Ancaq bir səhvi ilə oyunun gedişinə xələl gətirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Hakimlərlə bağlı dəfələrlə narazılığını bildirən Hüseynov yenə fit sahiblərindən narazı qalıb. O, bu dəfə milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin qardaşı oğlu Ramil Diniyev hədəfə alıb. Cari çempionatda ən çox qırmızı vərəqə almaqla, antirekordçu olan Yevlax təmsilçisi bu baxımdan yenə “fərqlənib”. Bu dəfə müdafiəçi Ceyhun Adışirinov kobud oynadığı üçün 85-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb: “Onun bir səhvi ucbatından oyun çevrildi, psixoloji gərginlik yarandı. Hesabında bir sarı vərəqə olan “Olimpik-Şüvəlan”ın braziliyalı hücumçusu Junivan Suaresin açıq-aşkar arxadan sürüşmə fəndi etdiyi halda, ona qırmızı vərəqə göstərilmədi. Bizim futbolçu isə belə fənd edən kimi sarı vərəqə göstərilir. Onsuz da, bu oyun heç bir komandaya lazım deyildi. “Olimpik-Şüvəlan” Premyer Liqada qalmaq vəzifəsini çoxdan yerinə yetirib. “Muğan” isə “Standard”ı 2:0 hesablı məğlub etdiyindən, bizim I diviziona düşməyimiz rəsmiləşirdi. Qırmızı vərəqə varsa, bunu ver də... Guya, “Olimpik-Şüvəlan” ona görə şikayət edəcəkdi? Baş hakim lazım olanda qırmızı vərəqəni vermədi, futbolçularımız da qızışdı. Başladılar rəqibi “qırmağa”. Ceyhunun rəqibə qarşı oxşar kobudluğu birbaşa qırmızı yox, sarı vərəqəlik idi”.